Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/52/45-63

Müşfiq Çobanov

Azərbaycan Texniki Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0008-8684-2722

mborcali@gmail.com

 

“Koroğlu” eposunun yaranma tarixi, coğrafiyası, nəşri, tədqiqi və təbliği

 

Xülasə

 

Məqalədə məşhur Azərbaycan xalq və qəhrəmanlıq eposlarından olan Koroğlunun yaranma tarixi, coğrafiyası, nəşri, tədqiqi və təbliği bir daha araşdırılır. Göstərilir ki, Koroğlu eposunun yaranma tarixi olduqca qədim, əhatə etdiyi coğrafi ərazi isə çox genişdir. Həmçinin, eposun nəşr və tərcümə tarixi zəngin və önəmli olduğu kimi, onun tədqiqat və təbliğat sahəsi də geniş və əhatəlidir.

Koroğlu eposunun Qafqaz versiyasının ilk olaraq Azərbaycan ərazisində yaranması, daha sonra qardaş və qonşu xalqlar arasında məşhur olması, o cümlədən türkmən, gürcü və digər xalqların yaddaşında əbədiyyət qazanaraq ordan da Türküstana, Turan ellərinə, eləcə də Avropaya və bütün dünyaya yayılması vurğulanır. Xatırlanır ki, Koroğlu eposunda baş verən hadisələrdə qonşu Gürcüstanın da adı keçir. Bu eposun müxtəlif variantlarında və versiyalarında, eləcə də süjet və təsvirlərində bu yerlərin də tərənnümünə rast gəlinir.

Həm də ona görə ki, tarix boyu qədim türk torpağı olan Borçalı məhz bu ərazidə yerləşir. Soydaşlarımızın min illərlə gürcülərlə iç-içə ərazidə mehriban yaşaması onları daha da yaxınlaşdırır. Kitabi Dədə Qorqud, Aşıq Qərib, Əsli və Kərəm, Qaçaq Kərəm və digər dastanlarda olduğu kimi, Koroğluda da Tiflis və Gürcüstanın digər ərazilərinin təsvirlərinə geniş yer verilir.

Eposda hadisələrin bir hissəsi məhz burada – Gürcüstanda cərəyan edir. Gürcüstanın müsbət obrazı, təbiət gözəlliklərinin təsviri və tərənnümü, şübhəsiz ki, xalqlarımız arasındakı dostluq və qarşılıqlı etimaddan qaynaqlanmışdır. Eposun gürcü ədəbiyyatına təsiri də araşdırılır. Bu mövzuda yazılmış çoxsaylı gürcü poeziyası, nəsr və dramaturgiyasından nümunələr tədqiqata cəlb olunur.

Bir sözlə, Koroğlunun öyrənilməsi, tədqiqi və təbliği həm də Azərbaycan və gürcü xalqları arasındakı dostluğun daha da möhkəmlənməsinə, Azərbaycan–gürcü ədəbi əlaqələrinin daha yüksək səviyyədə inkişafına xidmət edir. Eyni zamanda, bu proses ümumtürk folklorşünaslığının, ümumtürk ədəbiyyatşünaslığının və Qafqazşünaslığın inkişafına böyük töhfələr verir.

Nəticə olaraq belə qənaətə gəlinir ki, Koroğlunu təhlil və tədqiq edən yüzlərlə elmi məqalə, ədəbi-bədii əsər yazılmış, çoxsaylı tədqiqat işləri aparılmış, yüzlərlə monoqrafiya nəşr edilmişdir. Yüzillərlə davam edən Koroğlu axtarışları genişləndikcə, Koroğlu tədqiqatı dərinləşdikcə, yeni-yeni elmi nailiyyətlər əldə edildikcə, həm koroğluşünaslıq, həm folklorşünaslıq, həm də ədəbiyyatşünaslıq daim inkişaf etmiş və daha da zənginləşmişdir.

Məhz elə buna görə də Koroğlumuz bu gün də yaşayır, sabah da yaşayacaq!

Açar sözlər: Azərbaycan xalq dastanları, qəhrəmanlıq dastanları, aşıq, yaradıcılıq, qaçaqlıq, Koroğlu, Tiflis, gürcü, dastan, motiv, süjet, təsvir

 

 


Baxış: 123