DOI: https://doi.org/10.36719/2789-6919/56/100-106
Tural Əhədov
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,
Coğrafiya İnstitutu
doktorant
https://orcid.org/0009-0001-6277-7136
ehedov-tural@mail.ru
Lənkəran-Astara bölgəsində iqlim dəyişmələrinin torpaq örtüyünün vertikal zonallığına təsiri
Xülasə
Lənkəran-Astara bölgəsi Azərbaycanın cənub-şərqində, Xəzər dənizi sahilindən Talış dağlarının zirvələrinədək uzanan ərazini əhatə edir. Bu tədqiqat iqlim dəyişmələrinin bölgədə torpaq örtüyünün vertikal zonallığına təsirini öyrənmək məqsədi daşıyır. Tədqiqatda 1980-2025-cü illərə aid meteoroloji məlumatlar, müxtəlif dövrlərin torpaq xəritələri və çöl tədqiqatları zamanı toplanmış torpaq nümunələrinin laborator analizləri istifadə edilmişdir. Nəticələr göstərir ki, son 44 ildə bölgədə orta illik temperatur 1.2-1.6°C artmış, yağıntılar 8-14% azalmış, quraqlıq dövrləri tezləşmişdir. Bu dəyişikliklər torpaq qurşaqlarının sərhədlərinin 80-150 metr yuxarı çəkilməsinə, humus qatının 15-25% incəlməsinə, humusun miqdarının 22-35% azalmasına səbəb olmuşdur. Aşağı qurşaqda torpaqların şoranlaşması, orta və yuxarı qurşaqlarda isə eroziya prosesləri intensivləşmişdir. Torpaqların münbitliyinin azalması bölgənin kənd təsərrüfatı potensialına və ekoloji tarazlığına ciddi təhlükə yaradır.
Açar sözlər: Lənkəran-Astara, iqlim dəyişmələri, vertikal zonallıq, torpaq örtüyü, deqradasiya, eroziya