https://doi.org/10.36719/2789-6919/41/69-76
Elnur Şıxəliyev
Kütahya Dumlupınar Universiteti
Magistrant
https://orcid.org/0009-0003-7736-0717
shikhaliyev.elnur96@gmail.com
Ləzgi cəmiyyətinin sosioloji aspektdən tədqiqi: Azərbaycan nümunəsi
Xülasə
Bu araşdırma Azərbaycandakı ləzgi icmasının sosial-mədəni, iqtisadi və siyasi dinamikası haqqındadır. Ləzgi xalqının tarixi mənşəyi, ənənəvi strukturları və mədəni təcrübələri, ilk növbədə, ədəbiyyat təhlili və regional məlumatların təhlili vasitəsilə müzakirə edilmişdir. Qloballaşma və urbanizasiya kimi müasir inkişafların yaratdığı çağırışlar təhlil edilir. Tədqiqat mədəni identikliyin qorunub saxlanmasında təhsilin, gənclərin və diaspor fəaliyyətinin roluna yönəlib. Bundan əlavə, Azərbaycan və Dağıstan arasında sərhəd ticarəti və iqlim dəyişikliyinin iqtisadi struktura necə təsir etdiyi və kənd yerlərindən miqrasiyaya səbəb olduğu araşdırılıb.
Məlumatlarımız göstərir ki, rəqəmsallaşma mədəni identikliyin qorunması üçün yeni imkanlar təqdim edir, lakin kənd iqtisadiyyatlarında tənəzzül və məhdud siyasi iştirak cəmiyyət üçün əhəmiyyətli problemlər yaradır. Tədqiqatımızın əsasını ana dilində təhsil siyasətinin təşviqi və dövlətlərarası əməkdaşlığın cəmiyyətin sosial və iqtisadi dayanıqlığını artırmaq üçün kritik əhəmiyyətə malik olduğunu vurğulamaq təşkil edəcəkdir.
Açar sözlər: Azərbaycan, ləzgi cəmiyyəti, mədəni kimlik, diaspora və sosial quruluş