DOI: https://doi.org/10.36719/2789-6919/45/42-46
Xankişi Məmmədov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0006-6978-3084
kankishimamedov_53@mail.ru
Mahirə Nağıqızı fenomeni və onun dünyasının fəlsəfəsi
Xülasə
Bu araşdırmada XXI əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, elmimizin, ədəbiyyatımızın həm inkişafında, həm də zənginləşməsində xüsusi xidmətləri olan istedadlı şair, fədakar maarif xadimi, Mahirə Nağıqızı fenomenindən və onun dünyasının fəlsəfəsindən söhbət açılır. Qeyd edilir ki, parlayan ulduza bənzəyən, milli varlığımızı, mənliyimizi, kimliyimizi hər əsərində əks etdirən, oxucuya qürurverici və iftixaredici duyğular yaşadan Mahirə Nağıqızı fenomeni Azərbaycanın bəxtinə düşən qeyri-adi şəxsiyyət, əvəzolunmaz alim, şair, pedaqoq, müəllimlər müəllimi olaraq gənc nəslin milli-mənəvi ruhda tərbiyəsində və ümumən, milli düşüncə tariximizdə əvəzsiz rolu olan əbədiyaşar şəxsiyyətlərdən biridir. Riyazi dildə desək, Mahirə Nağıqızı dünyası fəlsəfənin alt çoxluğuna daxil olan bütün sahələri əhatə edir. Onun qələmə aldığı “Missiya”, “Ulu öndərimizin natiqlik məharəti”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf strategiyası”, “Dərdi dərin Həsən Mirzə”, “Alim təfəkkürünün itiliyi”, “Üslubi morfologiya”, “Aşıq və el şairlərinin üslubi sintaksisi”, “Aşıq və el şairlərinin poetikası”, “Aşıq və el şairlərinin leksikası” və digər elmi, eləcə də “Mənim anam”, “Su at dalımca, ana”, “Yaşadacaq anam məni”, “Analı dünyam”, “Bayatılar və üç şeir”, “Onun daş nağılı”, “Ruhuna beşiksə, tanı, Vətəndir”, “Dilimiz – varlığımızdır”, “Salam olsun” adlı bədii kitabları və orijinal bayatıları ayrı-ayrılıqda bir həyat məktəbi, insanlıq dərsidir. “Ana dilim” şeiri isə xalqımızın zəngin mədəniyyətini, kökünü, soyunu, mənəvi dünyasını, bir sözlə xalqın mənliyini, kimliyini varlığını əks etdirən qan yaddaşıdır. Başdan-başa vətənpərvərlik, milli-mənəvi dəyərlər üzərində köklənmiş bu dərslərin fəlsəfəsi çox dərindir.
Açar sözlər: Mahirə Nağıqızı, şair, alim, missiya, ana dilim, fəlsəfə