DOI: https://doi.org/10.36719/2663-4619/123/123-127
Aytac Həzizadə
Lənkəran Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0003-2667-4919
aitajj.21@gmail.com
Məktəbəqədər təhsilin inkişaf mərhələləri: tarix və müasirlik
Xülasə
Məktəbəqədər təhsil uşaqların tədris prosesinin əsaslarını möhkəmləndirməklə yanaşı, həm də onları məktəbə və gələcəyin çağırışlarına hazırlayır. Bu, uşaqlara problemlərin həlli, effektiv ünsiyyət və başqaları ilə əməkdaşlıq kimi vacib bacarıqları öyrənməyə kömək edir. XX əsrin sonlarından etibarən məktəbəqədər təhsilin gücləndirilməsi bütün dünyada gələcək təhsilin əsas məqsədlərindən birinə çevrilmişdir. Məktəbəqədər təhsil tədricən icbari və ömürboyu təhsil sistemlərinə daxil edilmiş, onun məqsədlərində, sistemlərində, məzmununda, yanaşmalarında və metodlarında yeni tendensiyalar yaranmışdır. Bu yeni tendensiyaları başa düşmək bizə başqa ölkələrin təcrübələrini öyrənməyə və eyni zamanda ölkəmizdə məktəbəqədər təhsilin inkişafına kömək edəcək.
Məqalədə məktəbəqədər təhsilin inkişaf mərhələləri tarixilik və müasirlik kontekstində nəzərdən keçirilmişdir. Ümumiyyətlə, məktəbəqədər təhsilin təkamülü zaman ərzində müxtəlif amillər nəticəsində formalaşmışdır. Məktəbəqədər təhsildəki dəyişikliklər təhsil sistemindəki inkişaflardan və cəmiyyətdəki dəyişikliklərdən təsirlənmişdir. Qədim dövrdə uşaqlara məktəbəqədər təhsilin adətən ev və ya icma şəraitində reallaşmasına xüsusi diqqət yetirilirdi. Bununla belə, sənayeləşmə və urbanizasiyanın inkişafı ilə məktəbəqədər təhsil məktəb təhsilinin inteqrasiya olunmuş hissəsinə çevrilmişdir. Məktəbəqədər təhsildə son tendensiyalara hər bir uşağın fərdi qabiliyyət və xüsusiyyətlərinə uyğunlaşdırılmış təhsil proqramlarının təqdim edilməsi, eyni zamanda oyun vasitəsilə öyrənmənin əhəmiyyətinin yenidən qiymətləndirilməsi daxildir.
Açar sözlər: məktəbəqədər təhsil, təhsil müəssisələri, təhsil tarixi, təhsil islahatları, uşaq bağçaları