Muğamın tədrisində rəqəmsal innovasiya:
süni intellektin rolu
Telman Qəniyev1* , Bayram Quluzadə2
Xülasə. Məqalədə Azərbaycan xalq professional musiqi mədəniyyətinin bir hissəsini təşkil edən muğam sənətinin tədrisi prosesinin qiymətləndirilməsi və təkminlləşdirilməsi zamanı süni intellekt texnologiyalarının tətbiqi məsələlərinə toxunulur. Muğamın intonasiya prinsipindən irəli gələn ifaçılıq xüsusiyyəyi, improvizasiya prinsipləri və şifahi ənənə ilə bağlı təlim modeli kontekstində süni intellektin analitik, proqnostik və adaptiv imkanları təhlil edilir, rəqəmsal innovativ texnologiyaların tətbiqi məsələləri əsaslandırılır. Tədqiqatda süni intellektin muğamın tədrisində metodoloji transformasiyalara təsiri, onun təlim effektivliyi, habelə mədəni-identik və etik məhdudiyyətləri kompleks şəkildə əsaslandırılır, təlimdə performans qiymətləndirmə metodikası və nəticələri praktik sərgilənir. Bir çox ölkələrdə olduğu kimi, təhsil sistemində də rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi ilə bağlı əhəmiyyətli dəyişikliklər baş verir. Bu dəyişikliklər qaçılmaz olaraq pedaqoji səriştələrin transformasiyasına gətirib çıxarır və müəllimlərdən yeni reallıqlara uyğunlaşmalarını tələb edir. Muğam dərslərində süni intellektin istifadəsi müasir musiqi təhsilinin perspektivli bir sahəsidir. Tədris metodlarının innovativ texnologiyalarla birləşməsi dərsləri daha təsirli və cəlbedici etməyə imkan yaradır.
Açar sözlər: muğam, musiqi pedaqogikası, süni intellekt, rəqəmsal innovasiya, improvizasiya, performans qiymətləndirmə