https://doi.org/10.36719/2706-6185/43/43-49
Aytəkin Zeynalova
Bakı Dövlət Universiteti
siyasi elmlər üzrə fəlsəfə doktoru
phd.aytekinzeynalova@gmail.com
https://orcid.org/0000-0002-9737-1072
Münxen Təhlükəsizlik Konfransı: Azərbaycan regional aktor kimi tanınır
Xülasə
Azərbaycan müntəzəm şəkildə Münxen Təhlükəsizlik Konfransına Prezident İlham Əliyevin şəxsində dəvət alır. Dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı öz dəyərli fikirlərini bölüşür. Bu isə qlobal və regional təhlükəsizliyə töhfə verən düsturlardır.
Prezidentin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər dünyaya Azərbaycan adlı regional gücü göstərir. Bu anlamda beynəlxalq aləmin aparıcı qütblərinin ölkəmizə hədsiz marağı qarşılıqlı faydanın artan miqyasının önəmini nümayiş etdirir. Ən başlıca məqam isə dünya ictimaiyyətinin İlham Əliyev siyasi fenomenini şəksiz qəbul etməsidir. Bu, ölkəmizin müstəsna siyasi-diplomatik dividentidir.
Münxen Təhlükəsizlik Konfransında regional məsələlər müzakirə olundu. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini dedi.
Məqalədə 18 fevral 2024-cü il tarixində baş tutmuş 60-cı Münxen konfransı, konfrans çərçivəsində Azərbaycanın xarici diplomatiyası, prezidentimizin siyasi diplomatik çıxışları və əldə olunan sazişlərin, razılaşmaların Azərbaycan üçün, ümumiyyətlə, bütün Qafqaz regionu üçün müsbət nəticələri təhlil olunur. Məqalənin məqsədi Azərbaycan Respublikasının Prezidentinin siyasi müstəvidə əldə etdiyi uğurların, qonşuluq və yoldaşlıq prinsiplərinə əsaslanan siyasi yanaşmanın, dövlətimizin və regionun inkişafı üçün göstərdiyi səylərin konfrans çərçivəsində əldə olunmuş nəaliyyətləri göstərməkdir.
Məqalədə prezidentin internet saytından, siyasi ekspertlərin telekanallara və xəbər saytlarına verdiyi müsahibələrdən, Azərbaycanın internet resurslarından istifadə olunub. Nəticədə, Münxen konfransının tarixi, siyasi və iqtisadi əhəmiyyəti üzə çıxdı, konfrans çərçivəsində Azərbaycanın sülh tərəfdarı olması və onun məsələlərinin sabit iqtisadi və siyasi müttəfiqlik prinsipləri üzərində qurulduğu görünür.
Açar sözlər: Münxen konfransı, Azərbaycan, COP29, sülh müqaviləsi