https://doi.org/10.36719/2789-6919/41/13-17
Amil Əsgərov
Naxçıvan Dövlət Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-9286-5017
amilesgerov075@gmail.com
Naxçıvan musiqi folklorunun ümumi səciyyəsi
Xülasə
Ən qədim tarixi dövrlərdən günümüzə qədər Naxçıvanda yaşayan xalq mahnıları və xalq rəqsləri bu regionun spesifik musiqi üslubunu və ifaçılıq ənənələrini özündə əks etdirir. Xalq mahnı və rəqsləri etnoqrafiya, mifologiya, xalq məişəti, əmək fəaliyyəti, həyat tərzi, bayramlar və mərasimlər ilə bağlı şəkildə yaranmış və yaşamışdır. Bu baxımdan, Naxçıvan xalq rəqsləri folklorşünasların, filoloqların, etnoqrafların, arxeoloqların diqqətini cəlb etmiş, bu zəngin irs haqqında müxtəlif məqalələr yazılmış, onların tarixi, etimologiyası, etnoqrafiyası, poetik mətni barədə müəyyən fikirlər irəli sürülmüşdür.
Naxçıvan çox zəngin folklor mühitinə və ənənələrinə malikdir. Bu diyarın, demək olar, hər bir bölgəsi özünəməxsus folklor janrları, folklor-ifaçılıq ənənələri ilə seçilir. Naxçıvanın qədim yallı janrının ən çox yayıldığı region olması faktı da artıq elmi dəlillərlə təsdiqini tapmışdır.
Naxçıvanda musiqi folkloru əsrlər boyu geniş surətdə inkişaf etmiş, Azərbaycanın bütün regionlarına yayılmışdır. Bölgənin mərasim musiqisi, aşıq və muğam sənəti də rəngarəng janrları ilə Azərbaycanın ənənəvi musiqisini zənginləşdirmişdir. Naxçıvan musiqi mədəniyyətinin janr müxtəlifliyi bilavasitə musiqi ifaçılığının da istiqamətlərini müəyyənləşdirmişdir. Bir sözlə, Naxçıvanda musiqi ifaçılığının istiqamətləri, növləri musiqi janrları ilə əlaqədə yaranmış və inkişaf etmişdir.
Naxçıvanın musiqi-ifaçılığı ənənələrinin bir qolu musiqi folkloru ilə bağlıdır. Özünəməxsus regional lokal ənənələrə məxsus olan Naxçıvan musiqi folkloru janr xüsusiyyətlərinə, ifadə vasitələrinə və ifaçılıq keyfiyyətlərinə görə diqqəti cəlb edir. Bu baxımdan Naxçıvan folklor ifaçılıq ənənəsində geniş yayılmış “Haxışta”, kimi nümunələrin özünəməxsus janr xüsusiyyətlərinin daha dərin araşdırılması zəruri məsələ kimi qarşıda durur.
Naxçıvan folklorunda xüsusi yeri olan Yallı rəqslərinin tədqiqi etnomusiqişünaslığın qarşısında duran mühüm məsələlərdəndir. Yallıların tarixi kökləri Azərbaycanın mərasim mədəniyyəti ilə bağlı olub, müxtəlif istiqamətlərdə - mifologiya, dünyagörüşü, etnomədəni sistem, musiqi təfəkkürü və ifaçılıq baxımından dərin tədqiqatlara yol açır. Xüsusilə yallıların ifaçılıq aspekti onların musiqi məzmunu ilə qarşılıqlı əlaqədə kompkeks yanaşma və araşdırma tələb edir.
Açar sözlər: Azərbaycan, Naxçıvan, musiqi, folklor, xalq yaradıcılığı, janr