Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sektorunun iqtisadi təhlili və onun davamlı inkişaf potensialı
Əbdülhüseyn Zamanov1
, Əbülfəz Salmanov1*
, Eltun İbrahimov2
,
Ceyhun Mahmudov3
, Ağarizə Rüstəmov2
Xülasə. Bu tədqiqatın əsas məqsədi Naxçıvan Muxtar Respublikasında aqrar sektorun mövcud vəziyyətini iqtisadi baxımdan təhlil etmək, aqrar istehsalın inkişaf dinamikasını qiymətləndirmək və sektorun dayanıqlı inkişaf potensialını müəyyənləşdirməkdən ibarətdir. Tədqiqat çərçivəsində 2010–2024-cü illəri əhatə edən statistik məlumatlar əsasında bitkiçilik və heyvandarlıq sektorlarının inkişaf meylləri, məhsuldarlıq göstəriciləri və su təminatı arasındakı qarşılıqlı əlaqələr araşdırılmışdır. Empirik təhlil mərhələsində ARDL ekonometrik modelindən istifadə edilmiş, aqrar istehsal ilə suvarma suyu və bitkiçilik istehsalı arasındakı qısa və uzunmüddətli əlaqələr qiymətləndirilmişdir. Tədqiqat nəticələri göstərmişdir ki, su təminatı Naxçıvan Muxtar Respublikasında aqrar istehsalın əsas determinantlarından biridir və su ehtiyatlarında baş verən azalma kənd təsərrüfatı məhsuldarlığına birbaşa təsir göstərir. Xüsusilə quraqlıq və su çatışmazlığı taxılçılıq və üzümçülük sahələrində istehsalın azalmasına səbəb olmuşdur. Bununla yanaşı kartofçuluq, bostançılıq və meyvəçilik sahələrində intensiv inkişaf meylləri müşahidə edilmişdir. Tədqiqat nəticələri göstərir ki, dayanıqlı kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar məhsuldarlığın artırılması və su resurslarının səmərəli idarə olunması region üzrə iqtisadi dayanıqlılığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Açar sözlər: aqrar sektor, dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, aqrar məhsuldarlıq, suvarma sistemi, regional iqtisadi inkişaf, ARDL modeli, iqlim dəyişiklikləri, su təminatı, iqtisadi artım