DOI: https://doi.org/10.36719/2789-6919/49/104-109
Muxtar Xəyal Məmmədov
Naxçıvan Dövlət Universiteti
bakalavriat
https://orcid.org/0009-0000-6538-498X
muxtarmammadov@ndu.edu.az
Orta dəhlizin beynəlxalq ticarət və logistikadakı əhəmiyyəti
Xülasə
Orta Dəhliz, Avrasiya regionunda Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan üzərindən Türkiyəyə və oradan Avropa bazarlarına qədər uzanan çoxnövlü nəqliyyat və logistika marşrutudur. Bu dəhliz dəniz, dəmir yolu və avtomobil yollarını birləşdirən kompleks infrastruktur sisteminə əsaslanır. Orta Dəhlizin əsas üstünlüklərindən biri, Şimal Dəhlizi ilə müqayisədə daha az siyasi və geosiyasi risk daşımasıdır. Eyni zamanda, bu marşrut nəqliyyat müddətini əhəmiy-yətli dərəcədə qısaldaraq ticarət proseslərini sürətləndirir. Azərbaycan bu dəhlizdə mühüm tranzit mərkəzinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Әlət Beynəlxalq Dəniz Ticarət Limanı, yeni avtomobil magistralları və gömrük sistemlərinin təkmilləşdirilməsi bu prosesdə mühüm rol oynamışdır. 2022-ci il statistik məlumatlarına əsasən, Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 1,5 milyon tona çatmışdır ki, bu da regionun logistika potensialının artdığını göstərir. Bununla belə, transxəzər daşımalarında gəmi çatışmazlığı, tariflərin uyğunsuzluğu və prosedur gecikmələri kimi çətinliklər mövcuddur. Gələcəkdə bu marşrutun effektivliyini daha da artırmaq üçün rəqəmsal logistikanın tətbiqi, regional ölkələr arasında koordinasiya və infrastrukturun davamlı inkişafı vacibdir. Orta Dəhliz təkcə iqtisadi baxımdan deyil, həm də geosiyasi cəhətdən Avrasiyanın gələcək nəqliyyat modelində strateji rol oynaya bilər.
Açar sözlər: Orta Dəhliz, beynəlxalq ticarət, logistika, Bakı-Tbilisi-Qars dəmir yolu, multimodal daşımalar, Azərbaycan tranzit rolu, infrastruktur və investisiyalar