DOI: https://doi.org/10.36719/2663-4619/125/23-30
Azad Cəfərov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
fəlsəfə üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-2953-5546
jafarov.azad@mail.ru
Orta əsrlərdə Qərbi Avropa fəlsəfəsinin mühüm xüsusiyyətləri
Xülasə
Orta əsrlərdə Qərbi Avropa fəlsəfəsi düşüncə tarixində mühüm mövqeyə malikdir. Qədim yunan fəlsəfəsindən fərqli olaraq, orta əsrlər fəlsəfəsi heç vaxt müstəqil statusa malik olmayıb. Onun toxunduğu məsələlər birbaşa və ya dolayıısı ilə əsas xristian doktrinaları ilə əlaqəli idi. Eyni zamanda, orta əsr xristian fəlsəfəsi artıq təbii aləmə və obyektiv varlığa deyil, ruha və Tanrıya xüsusi diqqət yetirirdi. Xristianlığın rəsmi dinə çevrilməsi nəticəsində Qərbi Avropada orta əsrlərdə teoloji tədqiqatlar meydana gəlməyə başladı. Məhz orta əsrlərdə Qərbi Avropa fəlsəfəsi xristian teologiyasının təsiri altında formalaşmağa başladı. Bu dövrdə yaranan fəlsəfi əsərlər əsasən xristian dini ilə Aristotel fəlsəfəsinin uzlaşdırılmasına yönəldilmişdi.
Orta əsrlərdə Qərbi Avropa fəlsəfəsinin mühüm xüsusiyyətləri bu məqalədə öz əksini tapmışdır. Bu dövrdə katolik ilahiyyatçıları xristian teologiyası ilə fəlsəfəni uzlaşdırmaq sahəsində böyük səy göstərirdilər. Katolik kilsəsi mütləq həqiqət hesab etdiyi doktrinalardan istifadə edərək nəzəri düşüncələrlə xristian inancları arasındakı əlaqəni qorumağa çalışırdı. Ümumilikdə, orta əsr Qərbi Avropa fəlsəfəsi real həyatdan ayrılaraq monastırlarla məhdudlaşdığı üçün sxolastik xarakter daşıyırdı. Feodal hakimiyyətinin və kilsə teokratiyasının hökmranlığı elm və texnikanın inkişafına mane olurdu, fəlsəfə də teologiyadan asılı idi. Orta əsrlərdə Qərbi Avropa fəlsəfəsinin ən böyük nümayəndələri içərisində Müqəddəs Avqustin, Anisi Manli Severin Boesi, İohann Skott Eriugena, Anselm Kenterberili, Pyer Abelyar, Rocer Bekon, Akvinalı Foma, İohann Duns Skott, Uilyam Okkamlı və başqalarının adını qeyd etmək olar.
Açar sözlər: Qərbi Avropa fəlsəfəsi, xristian fəlsəfəsi, patristik fəlsəfə, sxolastik fəlsəfə, Akvinalı Foma, Müqəddəs Avqustin