DOI: https://doi.org/10.36719/2706-6185/55/6-11
Elza Mollayeva
Bakı Dövlət Universiteti
pedaqogika elmləri doktoru
https://orcid.org/0000-0002-5128-8214
elzamollayeva@rambler.ru
Pedaqoji elmlər sistemində pedaqoji antropologiyanın yeri və rolu
Xülasə
Məqalədə pedaqoji antropologiyanın sosial-siyasi və psixoloji-pedaqoji müstəvidə tərbiyənin, təhsilin keçdiyi tarixi təkamül yolu geniş şərh edilmişdir. Qədim dövrdən müasir zəmanəmizə qədər bəşəriyyətin təkmilləşməsində, insanın özünün fərddən şəxsiyyətə çevrilməsində pedaqogikanın-təhsilin, tərbiyənin, təlimin və ümumilikdə inkişafın rolu bu fənn vasitəsilə tələbələrə aşılanır. Son illərdə Azərbaycan pedaqoji elminə daxil edilmiş pedaqoji antropologiyanın mahiyyəti nədən ibarətdir və o özündə nəyi ehtiva edir? Onun spesifikliyi nədən ibarətdir? Bu elmin əsas istiqaməti olan “pedaqoji antropologiya” termini necə yaranmış və təşəkkül tapmışdır?
Pedaqoji antropologiya pedaqogikaya onun əsas tərkib hissələrindən biri kimi daxil edilmişdir və pedaqoji antropologiyanın mahiyyətini daha yaxşı anlamaq üçün pedaqogika elmini dərindən mənimsəmək lazımdır. Pedaqogika insanın və insan qruplarının təlim, təhsil və tərbiyə vasitəsilə təkmilləşdirilməsini nəzərdə tutan elmdir. Pedaqoji antropologiya pedaqogikanın bünövrəsini təşkil edir və insanın təlim-tərbiyə prosesinin öyrənilməsini pedaqogikanın bir qolu olan pedaqoji antropologiya həyata keçirir. Bu istiqamət insan təbiəti, təlim və tərbiyəsi, insan qrupları və cəmiyyət, ümumilikdə insana aid olan bütün suallara cavab verir. Struktur baxımından pedaqoji antropologiyanın iyerarxiyasını piramida şəklində təsəvvür etsək, onun fundamental bazasını tərbiyə prosesinin həm obyekti, həm də subyekti kimi insan təşkil edir.
Açar sözlər: antropologiya, pedaqoji antropologiya, təhsil tarixi, pedaqogika tarixi, pedaqogika nəzəriyyəsi