Prenatal hipoksiya təsirinə məruz qalmış siçovullarda qaraciyərin morfometrik göstəricilərinin və hemostaz sistemi parametrlərinin yaş dinamikası
Gülnar Cəfərova1*
, Sevinc Yusifova1
, Nərgiz Mahmudova1
,
Aynur Qaflanova2
, Günay Hacıyeva2
Xülasə. Tədqiqatın məqsədi postnatal inkişafın müxtəlif mərhələlərində kəskin prenatal hipoksiyanın siçovullarda qaraciyərin strukturuna və hemostaz sisteminin dinamikasına göstərdiyi uzunmüddətli təsirləri öyrənmək olmuşdur. Boğaz Wistar cinsli siçovullar rüşeym, dölönü və döl inkişaf mərhələlərində normobarik hipoksiyaya (5% O₂, gündə 20 dəqiqə) məruz qoyulmuşdur. 1, 3 və 6 aylıq yaş dövrlərində qaraciyərin morfometrik göstəriciləri (hepatositlərin və nüvələrin sahəsi, nüvə-sitoplazma nisbəti) və hemostaz parametrləri (fibrinogen, aktiv parsial tromboplastin müddəti və plazmanın heparinə tolerantlığı) qiymətləndirilmişdir. Bir aylıq yaşda prenatal hipoksiyaya məruz qalmış heyvanlarda nəzarət qrupu ilə müqayisədə qaraciyərin kütləsinin 19–25% azalması (p < 0,001), hepatositlərdə vakuolizasiya, hüceyrə ölçülərinin artması və sistemik hipokoaqulyasiya müşahidə olunmuşdur. Üç və altı aylıq yaşlarda hepatositlərin və onların nüvələrinin ölçüləri normallaşmışdır. Bununla belə, qaraciyərin nisbi kütləsi yüksək olaraq qalmış (p < 0,01), histoloji müayinədə isə sinusoidlərin davamlı dolğunluğu (konqestiyası) və venoz durğunluq aşkar edilmişdir. Eyni zamanda, yaş artdıqca hemostaz sistemində hipokoaqulyasiya vəziyyətindən hiperkoaqulyasiya vəziyyətinə keçid baş vermişdir. Altı aylıq siçovullarda fibrinogenin konsentrasiyası artmış, aktiv parsial tromboplastin müddəti qismən qısalmış, plazmanın heparinə tolerantlığı isə nəzarət göstəricilərinin 56–77%-nə qədər azalmışdır (p < 0,01). Beləliklə, kəskin prenatal hipoksiya iki mərhələli adaptiv cavab reaksiyasının formalaşmasına səbəb olur. Qaraciyər parenximasının morfometrik göstəriciləri bərpa olunsa da, qaraciyər damar sisteminin yenidən qurulması və mikrosirkulyasiya pozğunluqları yetkinlik dövrünədək davam edir və ehtimal ki, uzunmüddətli prokoaqulyant fenotipin inkişafının əsas patogenetik mexanizmlərindən biri kimi çıxış edir.
Açar sözlər: qanın laxtalanması, dölün inkişafı, hepatositlər, mikrosirkulyasiya, venoz durğunluq