https://doi.org/10.36719/2706-6185/44/75-83
Vüsalə Nəsibova
AMEA Folklor İnstitutu
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-1020-0439
Qarabağ bayatılarında epik-mifoloji motivlər
Xülasə
Türk poetik təfəkkürünün, sözün həqiqi anlamında, bədii-estetik möcüzəsi olan bayatılar, eyni zamanda, Azərbaycan poetik düşüncə sisteminin bütün tarixini özündə əks etdirən canlı tarix qaynağıdır. Bu nümunələrdə ilk baxışda diqqəti cəlb etməyən, sadəcə, ənənəvi bədii obrazlar kimi qəbul etdiyimiz elə elementlər (obraz, motivlər, müxtəlif süjet vahidləri) vardır ki, onlar bayatının bir vaxtlar mənsub olduğu, mühüm tərkib ünsürü kimi çıxış etdiyi mədəniyyət laylarından xəbər verə bilir. Bayatılarımıza bu cəhətdən nəzər saldıqda onlarla mifik kultlar, qədim dastançılıq ənənəsi arasında ciddi əlaqə bağları aşkarlana bilir. Həmin bağlar bayatının bu gün bizə məlum olmayan başqa funksional keyfiyyətlərindən xəbər verir. Bu keyfiyyətlər isə tarixin dərinliklərində bayatının əsas funksional xüsusiyyətlərindən olsa da, zamanla baş vermiş müasirləşmələr bayatını həmin funksiyalardan məhrum etmişdir. Ancaq maddi aləmin bütün elementlərinə xas olan dialektik qanunlara görə, yaşanmış tarixi heç vaxt izsiz-soraqsız yox olmur, o, müasir dövrün mədəniyyətində gizli işarələr kimi yaşamaqda davam edir. Bunu biz Qarabağ bayatılarına nəzər saldıqda görə bilirik. Bir çox bayatılarda qədim mifik kultların, o cümlədən həmin kutları özündə sistemləşdirən “Dədə Qorqud” eposunun izlərini müşahidə etmək olur.
Açar sözlər: Türk folkloru, Azərbaycan folkloru, bayatı, epos, Dədə Qorqud, mifologiya