DOI: https://doi.org/10.36719/2663-4619/127/101-107
Aliyə Mürsəlova
Azərbaycan İlahiyyat İnstitutu
Bakı, Azərbaycan
fəlsəfə üzrə fəlsəfə doktoru
aliyatagiyeva@yahoo.com
Rəqəmsal pedaqogika və din təhsili: texnologiyaların inteqrasiyası,
etika və inkişaf perspektivləri
Xülasə
Təhsilin rəqəmsallaşması şifahi ötürülmə, müqəddəs mətnlər və şəxsi mentorluq əsasında formalaşan ənənəvi din təhsilinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Virtual və alternativ reallıqlar (VR/AR), süni intellekt (AI), onlayn platformalar, geymifikasiya və sosial media kimi müasir alətlər din təhsilində fərdi yanaşma, daha çox cəlbedicilik və əlçatanlıq üçün tam yeni imkanlar yaradır. Amma bu imkanlar dini təcrübənin autentikliyinin qorunması, texnologiyaların etik şəkildə istifadəsi və səthi yanaşmanın riskini də artırır. Rəqəmsal pedaqoji metodların din təhsilinə inteqrasiyası hələ yeni bir sahə olduğuna görə, xüsusilə də innovasiyalarla etik əsasların və mənəvi dərinliyin qorunması baxımından tam şəkildə araşdırılmayıb.
Tədqiqat işində C.Papakostasın (2025) süni intellektin din təhsilində istifadəsi, M.Rahmanın (2023) VR tədrisinin islami məktəblərdə tətbiqi, “Religious Education” (2024) VR hesabatı, C.Redeckerin (2017) rəqəmsal kompetensiyaları, “SpringerBriefs in Digital Pedagogy” (2023) toplusundakı materiallar və məqalələr əsas alınmışdır. Metodoloji baza elmi nəşrlərin keyfiyyət və müqayisə təhlilinə, din təhsilinə tətbiq edilən keyslərə tənqidi yanaşmaya, həm pedaqoji, həm teoloji perspektivlərin disiplinlərarası sintezinə əsaslanmışdır.
Araşdırmalar göstərir ki, rəqəmsal pedaqogika düşünülmüş inteqrasiya zamanı motivasiyanı artırır, tənqidi təfəkkürü dəstəkləyir və dini bilikləri daha əlçatan edir. Lakin, bunlar dini təcrübənin və şəxsi mentorluğun yerini tuta bilmir. Ona görə də, hibrit tədris üsullarının, disiplinlərarası yanaşmanın və etik sərhədlərin təşkil olunmasının vacibliyini vurğulamaq lazımdır. Rəqəmsal pedaqogika innovasiyaları dini dəyərlərlə uzlaşdıranda din təhsilində inqilab edə bilər – onu daha inklüziv, interaktiv və müasir dövr üçün uyğun hala gətirər.
Açar sözlər: din təhsili, süni intellekt, hibrit təhsil, rəqəmsal texnologiya, etika, inteqrasiya