Rəqəmsallaşmanın dilə təsiri: Süni intellektin dildə
semantik bütövlüyü və sintaktik adekvatlığı
"qavrama" səviyyəsi
Xülasə. Rəqəmsallaşma dövründə təbii dillin emalı (NLP) və Böyük Dil Modellərinin (LLM) inkişafı rəqəmsal dilçilik elminin mərkəzi tədqiqat obyektinə çevrilmişdir. Bu tədqiqat işində Süni İntellekt (Sİ) sistemlərinin və Neyron Maşın Tərcüməsinin (NMT) müxtəlif tipoloji quruluşa malik dillərdə semantik bütövlüyü və sintaktik adekvatlığı qavrama dərəcəsi müqayisəli müstəvidə təhlil edilir. Tədqiqatın əsas məqsədi analitik (ingilis), flektiv (rus, alman) və aqqlütinativ (Azərbaycan, türk, fin) dillərin morfosintaktik xüsusiyyətlərinin Sİ-nin Transformer arxitekturası ilə qarşılıqlı təsirini öyrənmək, Azərbaycan dili misalında meydana çıxan spesifik semantik hallyusinasiyaları və sintaktik yayınmaları aşkar etməkdir. Tədqiqatda keyfiyyət və kəmiyyət yönümlü kontent-analiz, tipoloji müqayisə və xəta tipologiyası metodlarından istifadə edilmişdir. Empirik təhlillər göstərir ki, Sİ modellərinin subword tokenizasiya (BPE/WordPiece) alqoritmləri analitik dillərdə yüksək dəqiqlik nümayiş etdirsə də, Azərbaycan dili kimi aqqlütinativ dillərdə çoxşəkilçililik (polimorfizm) səbəbindən leksik-semantik parçalanmaya yol açır. Eyni zamanda, Azərbaycan dilinin Mübtəda-Tamamlıq-Xəbər (SOV) yapısı uzun distantlı asılılıqlarda cümlə sonu xəbərin şəxs və zaman uzlaşmasının pozulması ilə nəticələnir. Tədqiqatın nəticəsi olaraq, azresurslu aqqlütinativ dillər üçün morfoloji yönümlü tokenizatorların və dildaxili paralel korpusların zənginləşdirilməsi zərurəti əsaslandırılmışdır.
Açar sözlər: rəqəmsal dilçilik, süni intellekt, böyük dil modelləri (LLM), aqqlütinativ dillər, Azərbaycan dili, semantik bütövlük, sintaktik adekvatlıq, Neyron Maşın Tərcüməsi (NMT)