DOI: https://doi.org/10.36719/2663-4619/125/64-84
Kərim Novruzov
Ağdam rayon 95 saylı tam orta məktəb
https://orcid.org/0009-0001-7805-6552
karim.novruz@mail.ru
Səfəvi-İngiltərə əlaqələrinin formalaşması:
Moskva şirkətinin rolu
Xülasə
Məqalə Azərbaycanın qədim və zəngin dövlətçilik ənənələrinə malik olduğunu və bu tarixi təcrübənin müasir müstəqil dövlətin möhkəmlənməsində mühüm rol oynadığını göstərir. Orta əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri diplomatiya tariximiz baxımından xüsusi əhəmiyyət daşıyır. Məqalədə 1561-ci ildən etibarən Səfəvilər dövləti ilə İngiltərə arasında qurulan ilk siyasi və ticarət münasibətləri araşdırılır. Bu əlaqələr əsasən İngiltərənin Moskva şirkətinin fəaliyyəti vasitəsilə həyata keçirilmişdir. XVI əsrin ikinci yarısında Moskva şirkətinin Səfəvilər dövlətinə göndərdiyi altı ekspedisiya ardıcıllıqla təhlil edilir. Hər bir səfərin məqsədi və nəticələri məqalədə konkret faktlarla izah olunur. İngiltərədə XV–XVI əsrlərdə yunçuluq və mahud sənayesinin sürətli inkişafı xarici bazarlara marağı artırmışdır. Yun ixracının yerini tədricən hazır mahud məhsullarının ixracı tutmuşdur. Bu iqtisadi dəyişikliklər İngiltərənin yeni ticarət yolları axtarmasını zəruri etmişdir. Şimal-Şərq dəniz yolu ideyası məhz bu ehtiyacdan yaranmışdır. Moskva şirkəti səhmdar prinsipi əsasında fəaliyyət göstərən ilk iri ticarət təşkilatlarından biri olmuşdur. Şirkət İngiltərənin ticarət və diplomatik maraqlarının Şərqə doğru genişlənməsində mühüm rol oynamışdır. Məqalə İngiltərə–Səfəvi münasibətlərinin beynəlxalq münasibətlər sistemində tutduğu yeri və Azərbaycanın orta əsrlər tarixinin Avropa mənbələrində əksini aydın şəkildə ortaya qoyur.
Açar sözlər: Azərbaycan, Səfəvi dövləti, İngiltərə, Moskva şirkəti, orta əsrlər diplomatiyası, beynəlxalq ticarət, yun sənayesi, Şimal-Şərq dəniz yolu, İngiltərə–Səfəvi münasibətləri