DOI: https://doi.org/10.36719/2706-6185/56/13-18
Şəxsiyyətin sosial təsirlərə amoral reaksiyaları və onların
sosial-psixoloji təhlili
Xülasə
Bütün tarixi dövrlərdə insanların davranışı əxlaq normaları ilə qiymətləndirilmiş, ictimai əxlaqa zidd olan amoral davranışlar pislənilmiş, ictimai qınağa tuş gəlmiş və cəza obyekti olmuşdur. Ünsiyyətdə qeyri-normativ leksikadan istifadə, sərxoşluq, cinayət əməlləri, özünəqəsd (suisid – N.Ç) narkomaniya, yaşlı adamlara, əlillərə və uşaqlara hörmətsizlik, asosial, antisosial, amoral adduktiv və delikvient əməllər kimi dəyərləndirilmişdir.
“Deviant” davranış insanın rəftar və davranışının, əməl və hərəkətlərinin onun yaşadığı cəmiyyətdə faktiki olaraq bərqərar olmuş norma və standartlardan kənara çıxma hallarını əks etdirir. Onlardan biri də sosial davranışın təzahür formalarından biri olan amoral davranışdır. O, cəmiyyətdə mövcud olan mənəvi-əxlaqi davranış normalarının kobud şəkildə pozulması və destruktiv əməllərlə müşayət olunan və şəxsiyyətlərarası münasibətləri korlayan və kəskin konfliktlərə yol açan neqativ davranış tipidir. Amoral davranışlar dedikdə, hər hansı şəxsin cəmiyyətdə ümumi qəbul edilmiş əxlaq normaları, yaşam tərzi, standartları və prinsipləri ilə ziddiyyət təşkil edən hərəkətləri, əxlaq və birgəyaşayış normalarının kobud şəkildə pozulması nəzərdə tutulur. Bunlara ictimai yerlərdə siqaret çəkmək, spirtli içkilər qəbul etmək, bədən hissələrini çılpaq şəkildə nümayiş etdirmək, qeyri-normativ leksikadan (jarqon sözlər, ədəbsiz ifadələr, söyüş və s.) istifadə, kobudluq, insanların etibarından sui-istifadə, yalançılıq, narkotika qəbulu, ictimai yerlərdə tum çırtlamaq, ətraf mühiti çirkləndirmək, ictimai əmlaka ziyan vurmaq, qumar oyunları, uca səslə danışmaq, avtoxuliqanlıq, qeyri-rəsmi cinsi tərəfdaşlıq, pozğun həyat və s. aid edilə bilər.
Müasir qloballaşma cəmiyyətdə sosiodinamik və psixodinamik dəyişmələrə, o cümlədən həyat tərzinin modernləşməsinə, şəxsiyyətin dəyər motivasiya sahəsində, sosial yönəlişliyində əsaslı dəyişmələrə, şəxsiyyətə ailədən kənar təsir kanallarının artmasına səbəb olmuşdur.
Yeniyetmə və gənclərə ətraf mühitin neqativ təsirləri, o cümlədən sosial şəbəkələr, əxlaqi tərbiyəlilik səviyyəsi aşağı olan adamlar, müğənni və aktyorlar, idmançılar, əcnəbi tələbələr yad və mental dəyərlərə zidd olan əməllərin yayılmasına səbəb olurlar.
Açar sözlər: sosial təsir, əxlaq, davranış motivləri, deviant davranış, amoral reaksiyalar, aqressiya