DOI: https://doi.org/10.36719/2789-6919/55/62-67
Günay Mehrəliyeva
Azərbaycan Dillər Universiteti
doktorant
https://orcid.org/0000-0003-4923-8004
gunay-m2014@yandex.com
Şəxssiz konstruksiyaların müqayisəli koqnitiv təhlili:
ingilis və Azərbaycan dilləri nümunəsində
Xülasə
Müasir dilçilikdə şəxssiz konstruksiyaların araşdırılması dilin həm qrammatik quruluşunu, həm də konseptual mexanizmlərini üzə çıxarmaq baxımından mühüm əhəmiyyət daşıyır. Şəxssiz konstruksiyalar subyektin birbaşa ifadə olunmadığı, predikativ mərkəzin isə hadisə və ya vəziyyəti obyektiv şəkildə əks etdirdiyi sintaktik vahidlərdir. Bu konstruksiyalar dilin yalnız formal xüsusiyyəti deyil, həm də düşüncə və qavrayış proseslərinin dilə proyeksiyası kimi nəzərdən keçirilir.
İngilis və Azərbaycan dillərində şəxssiz konstruksiyaların quruluşu, semantikası və funksional imkanları oxşar semantik baza üzərində formalaşsa da, onların ifadə vasitələri əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan dilində şəxssizlik əsasən təbiət hadisələri (Yağış yağır), fizioloji və psixoloji hallar (Mənə elə gəlir), müəyyən olunmamış icraçılı konstruksiyalar (Qapını döyürlər) və mövcudluğu bildirən strukturlar (Gec oldu, Lazımdır) ilə ifadə olunur. İngilis dilində isə şəxssiz konstruksiyalar daha çox formal elementlər vasitəsilə reallaşır: it-constructions (It is raining, It seems…), there-constructions (There is a book on the table), passiv strukturlar (It was said that…) və modal ifadələr (It is necessary to try).
Koqnitiv baxımdan şəxssiz konstruksiyalar gerçəkliyin subyekt deyil, proses və obyekt mərkəzli modelləşdirilməsini göstərir. Yəni insan təcrübəsində bəzi hadisələr və vəziyyətlər icraçının iştirakı olmadan da konseptual olaraq mövcud olur. Bu xüsusiyyət şəxssiz konstruksiyaların həm universal semantik nüvəsini, həm də dillərarası fərqli ifadə mexanizmlərini üzə çıxarır.
Bu konstruksiyalar hadisə və ya prosesin icraçısını neytrallaşdıraraq diqqəti hadisənin özünə yönəldir. Beləliklə, subyektin konseptual fonundan çıxarılması və obyektivliyin önə çəkilməsi şəxssizliyin əsas koqnitiv mexanizmi kimi müəyyənləşdirilir. Məsələn, It is necessary to learn foreign languages və Vacibdir ki, xarici dillər öyrənilsin konstruksiyalari müxtəlif dillərdə fərqli strukturda olsa da, eyni koqnitiv məzmunu daşıyır: vaciblik kateqoriyasının subyektlə əlaqəsiz, ümumi və obyektiv şəkildə təqdim olunması.
Açar sözlər: şəxssiz konstruksiyalar, koqnitiv dilçilik, müqayisəli təhlil, it-constructs, there-constructions, obyektivlik