Şomutəpə mədəniyyətinin Gəncə-Qazax bölgəsində
yayılması və xüsusiyyətləri
Xülasə. Məqalədə Gəncə-Qazax bölgəsində yayılmış Şomutəpə mədəniyyətinin əsas xüsusiyyətləri, yayılma arealı və tarixi əhəmiyyəti tədqiq edilmişdir. Araşdırmada Şomutəpə, Göytəpə, Hacıələmxanlı, Töyrətəpə və digər neolit yaşayış yerlərindən əldə olunmuş arxeoloji materiallar əsasında bölgənin erkən əkinçi tayfalarının təsərrüfat həyatı, memarlıq ənənələri və maddi mədəniyyəti təhlil olunmuşdur. Həmçinin, radiokarbon analizləri, arxeobotanik və osteoloji materiallar əsasında Gəncə-Qazax bölgəsində əkinçilik və maldarlığın formalaşma mərhələləri araşdırılmışdır. Müəyyən edilmişdir ki, Şomutəpə mədəniyyəti Cənubi Qafqazın ən qədim istehsal təsərrüfatlı mədəniyyətlərindən biri olmuş və regionda oturaq həyat tərzinin yaranmasında mühüm rol oynamışdır. Tədqiqat zamanı həmçinin Şomutəpə mədəniyyətinin Ön Asiyanın erkən əkinçi mədəniyyətləri ilə əlaqələri və yerli inkişaf xüsusiyyətləri müqayisəli şəkildə öyrənilmişdir. Eyni zamanda Göytəpə və Hacıələmxanlı abidələrinin Cənubi Qafqaz Neolitinin xronologiyasının müəyyən edilməsində xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.
Açar sözlər: Şomutəpə mədəniyyəti, Gəncə-Qazax bölgəsi, Neolit dövrü, erkən əkinçilik, Göytəpə yaşayış yeri