DOI: https://doi.org/10.36719/2663-4619/130/118-136
Sosial media marketinqi fəaliyyətlərinin istehlakçıların şüurlu istehlak davranışlarına təsiri
V. Özlem Akgün1*
, Emin Zeynalov2
, Uzel Gülməliyev3
Xülasə. Sosial media istehlakçı davranışlarını formalaşdıran mühüm marketinq vasitəsinə çevrilmişdir. Sosial media marketinqi brendlərin rəqəmsal platformalar vasitəsilə istehlakçılarla qarşılıqlı əlaqə quraraq öz məhsul və xidmətlərini təşviq etməsi ilə bağlı fəaliyyətləri əhatə edir. Şüurlu istehlak isə fərdlərin istehlak seçimləri zamanı ekoloji, etik və sosial məsuliyyətlərini nəzərə almalarını ifadə edir. Bu tədqiqat sosial media marketinqi fəaliyyətlərinin əyləncə, qarşılıqlı əlaqə, trendlərə uyğunluq, fərdiləşdirmə və ağızdan-ağıza kommunikasiya ölçülərinin şüurlu istehlak davranışına təsirini araşdırmaq məqsədi daşıyır. Tədqiqat Azərbaycan Respublikasında 18 yaşdan yuxarı 400 istehlakçı arasında aparılmışdır. Məlumatlar sorğu metodu ilə toplanmış və SPSS və AMOS proqram paketləri vasitəsilə təhlil edilmişdir. Şkalaların etibarlılığı və keçərliliyi kəşfedici və təsdiqləyici faktor təhlilləri ilə yoxlanılmış, dəyişənlər arasındakı əlaqələr Pearson korrelyasiya təhlili vasitəsilə araşdırılmışdır. Hipotezlərin yoxlanılması üçün çoxsaylı xətti reqressiya təhlilindən və struktur tənlik modelləşdirilməsindən istifadə edilmişdir. Tədqiqatın nəticələri sosial media marketinqi fəaliyyətlərinin şüurlu istehlak davranışına müsbət və statistik baxımdan əhəmiyyətli təsir göstərdiyini ortaya qoymuşdur. Alt ölçülər üzrə aparılan qiymətləndirmə zamanı qarşılıqlı əlaqə ölçüsünün digər ölçülərlə müqayisədə daha güclü təsirə malik olduğu müəyyən edilmişdir. Modelin izahedici gücü sosial media marketinqi fəaliyyətlərinin şüurlu istehlakçı davranışındakı dəyişkənliyin əhəmiyyətli hissəsini izah etdiyini göstərir. Nəticə etibarilə, sosial media marketinqi fəaliyyətlərinin istehlakçı davranışının yalnız iqtisadi deyil, həm də etik və sosial aspektlərinə təsir göstərdiyi müəyyən edilmişdir. Bu nəticələr sosial media marketinqi strategiyalarının şüurlu və dayanıqlı istehlak davranışının təşviqində mühüm rol oynaya biləcəyini göstərir.
Açar sözlər: sosial media marketinqi, şüurlu istehlak, istehlakçı davranışı, qarşılıqlı əlaqə, struktur tənlik modelləşdirilməsi