Strateji idarəetmə kontekstində üçlü tərəfdaşlıq modelinin beynəlxalq təcrübəsi və tətbiq imkanları
Xülasə. Müasir qlobal iqtisadiyyat şəraitində innovasiya fəaliyyətinin genişləndirilməsi, bilik iqtisadiyyatının inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi dövlət, universitet və biznes sektorları arasında əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan Üçlü Tərəfdaşlıq (Triple Helix) modeli innovasiya sistemlərinin formalaşdırılmasında və strateji idarəetmənin səmərəliliyinin artırılmasında mühüm yanaşmalardan biri hesab olunur. Məqalədə strateji idarəetmə kontekstində üçlü tərəfdaşlıq modelinin nəzəri əsasları, beynəlxalq təcrübəsi və tətbiq imkanları araşdırılmışdır. Tədqiqat zamanı müqayisəli təhlil, sistemli yanaşma və elmi mənbələrin analizi metodlarından istifadə edilmişdir. ABŞ, Almaniya, Finlandiya və Cənubi Koreya nümunələri əsasında dövlət-universitet-biznes əməkdaşlığının innovasiya proseslərinə təsiri qiymətləndirilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, üçlü tərəfdaşlıq modeli elmi biliklərin kommersiyalaşdırılmasına, texnologiya transferinin sürətlənməsinə, insan kapitalının inkişafına və iqtisadi artımın stimullaşdırılmasına müsbət təsir göstərir. Eyni zamanda, Azərbaycanda innovasiya yönümlü inkişaf strategiyalarının həyata keçirilməsi üçün bu modelin tətbiqinin perspektivləri müəyyən edilmiş və onun səmərəli tətbiqi istiqamətində təkliflər irəli sürülmüşdür. Nəticələr göstərir ki, dövlət dəstəyi, universitetlərin tədqiqat potensialı və biznes sektorunun investisiya imkanları arasında balanslı əməkdaşlıq dayanıqlı inkişafın mühüm amillərindən biridir.
Açar sözlər: strateji idarəetmə, üçlü tərəfdaşlıq, innovasiya, universitet-sənaye əməkdaşlığı, texnologiya transferi