DOI: https://doi.org/10.36719/2663-4619/125/131-137
Araz Mirzəbəyov
Sumqayıt Dövlət Universiteti
https://orcid.org/0000-0003-22156252
araz.mirzabayov@sdu.edu.az
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında nəqliyyat-logistika
infrastrukturunun rolunun qiymətləndirilməsi
Xülasə
Sumqayıt Azərbaycanın sənaye mərkəzlərindən biri olaraq, şəhərin və bütövlükdə ölkənin sosialiqtisadi inkişafının sürətləndirilməsində önəmli rol oynayır. Son illərdə şəhərin sosial-iqtisadi inkişaf strategiyasında nəqliyyat-logistika infrastrukturu xüsusi önəm daşıyır. Nəqliyyat-logistika infrastrukturunun inkişafı təkcə məhsul və xidmətlərin şəhər daxilində və regionlararası hərəkətini asanlaşdırmır, həmçinin işgüzar əlaqələrin səmərəliliyini artırır, investisiya mühitini gücləndirir və əhalinin həyat səviyyəsini yüksəldir. Bu kontekstdə Sumqayıtın sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəqliyyat-logistika infrastrukturunun rolu daim diqqət mərkəzindədir ki, bu da mövzunun aktuallığını göstərir. Mövzunun aktuallığı həm də ondan ibarətdir ki, şəhərdə logistika mərkəzlərinin, nəqliyyat dəhlizlərinin və multimodal daşımaların genişləndirilməsi ticarət dövriyyəsini artırmaqla yanaşı, iş yerlərinin yaranmasına, sahibkarlığın inkişafına və sosial rifahın yaxşılaşmasına da töhfə verir. Məqalənin əsas məqsədi məhz Sumqayıt şəhərində nəqliyyat-logistika infrastrukturunun sosial-iqtisadi inkişafda oynadığı rolu qiymətləndirmək, mövcud vəziyyəti təhlil etmək və inkişaf perspektivlərini ortaya qoymaqdır. Bu, həmçinin şəhərin planlaşdırma strategiyalarının təkmilləşdirilməsinə və resursların səmərəli bölünməsinə töhfə verə bilər. Nəqliyyat-logistika sistemlərinin gücləndirilməsi ilə bağlı aparılacaq təhlil iqtisadi fəaliyyətin intensivliyini ölçməyə, əhalinin xidmətlərə çıxış imkanlarını yaxşılaşdırmağa imkan yaradar.
Açar sözlər: nəqliyyat-logistika, infrastruktur, avtomobil nəqliyyatı, dəmiryolu nəqliyyatı, yükdaşıma, avtomatlaşdırma, sənaye