https://doi.org/10.36719/2706-6185/45/223-226
Bahar Şirinova
Qərbi Kaspi Universiteti
https://orcid.org/0009-0007-7523-4388
baharsirinova2@gmail.com
TRACECA və Böyük İpək Yolu: Azərbaycan vasitəsilə
Qafqaz və Avropa-Asiya əlaqələri
Xülasə
TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) tarixi "Böyük İpək Yolu"nun bərpasını və inkişafını hədəfləyən mühüm nəqliyyat və ticarət layihəsidir. Bu təşəbbüs Avropa ilə Asiya arasında ticarət və logistika əlaqələrinin gücləndirilməsində strateji rol oynayır. TRACECA layihəsi, region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi və tranzit potensialının artırılması baxımından əhəmiyyətli bir platformadır. Digər tərəfdən, Çin Xalq Respublikası tərəfindən irəli sürülən "Bir Kəmər, Bir Yol" təşəbbüsü isə daha geniş miqyasda qlobal ticarət marşrutlarının bərpasını nəzərdə tutur və bu kontekstdə TRACECA ilə müəyyən dərəcədə paralellik təşkil edir.
Azərbaycan, hər iki böyük təşəbbüs çərçivəsində mühüm tranzit ölkə kimi çıxış edir. Ölkənin geostrateji mövqeyi, Xəzər dənizi üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ilə seçilir. TRACECA və "Böyük İpək Yolu"nun bərpası bir-birini tamamlayan layihələr kimi Qafqaz regionunda nəqliyyat infrastrukturunun inkişafına və beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsinə mühüm töhfələr verir. Bu proses, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafına, regional əməkdaşlığın gücləndirilməsinə və enerji resurslarının dünya bazarına çıxışının genişləndirilməsinə imkan yaradır. Beləliklə, TRACECA və "Böyük İpək Yolu" layihələrinin bərpası Azərbaycan üçün həm iqtisadi dividendlər, həm də strateji üstünlüklər təmin edən mühüm beynəlxalq təşəbbüslərdən biridir.
Açar sözlər: Böyük İpək Yolu, TRACECA, kəmər və yol, Bakı-Tbilisi-Qars, nəqliyyat dəhlizləri, tranzit potensialı, regional əməkdaşlıq