Turizm sahəsində insan hüquqlarının tənzimlənməsi məsələsində beynəlxalq hüquq normalarının əhəmiyyəti
İzzət Səfərov
Xülasə. Bu məqalədə turizm sektorunda insan hüquqlarının tənzimlənməsində beynəlxalq hüquq normalarının rolunu və əhəmiyyətini təhlil edilmişdir. Turizmin qlobal miqyasda sürətli inkişafı, bu istiqamətdə fəaliyyət göstərən bütün maraqlı tərəflərin, məsələn, turistlərin, bu sahədə çalışan işçilərin, yerli icmaların hüquqlarının qorunmasını zəruri etmişdir. Tədqiqat beynəlxalq hüquqi sənədlərin, xüsusilə BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən qəbul edilmiş Qlobal Turizm Etik Kodeksi, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Beynəlxalq Əmək Təşkilatının konvensiyaları və digər çoxtərəfli müqavilələrin tənzimləyici mexanizmlərini araşdırır.
Metodoloji baxımdan hüquqi normativ və müqayisəli təhlil üsullarından istifadə edilmişdir. Nəticələr göstərir ki, beynəlxalq hüquq normaları dövlətlərə, turizm müəssisələrinə və digər aktorlara əmək haqqı, iş şəraiti, ayrı-seçkiliyin qarşısının alınması, yerli əhalinin məcburi köçürülməməsi və ətraf mühitin mühafizəsi kimi sahələrdə öhdəliklər qoymaqla mühüm tənzimləyici çərçivə təqdim edir. Lakin mövcud mexanizmlərin qeyri-məcburi xarakteri və nəzarət tətbiq mexanizmlərinin zəifliyi bu normaların effektivliyini məhdudlaşdırır. Məqalə beynəlxalq hüquq normalarının turizm sektorunda insan hüquqlarının qorunması üçün vacib, lakin təkmilləşdirilməyə ehtiyacı olan bir vasitə olduğu qənaətinə gəlir.
Açar sözlər: turizm hüququ, beynəlxalq hüquq, insan hüquqları, Qlobal Turizm Etik Kodeksi, turizmin tənzimlənməsi