DOI: https://doi.org/10.36719/2706-6185/48/172-175
İlahə Hüseynova
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0006-9222-8126
huseynova.ilaha.nizami.2023@unec.edu.az
Vergi öhdəliklərinə əməl olunmasına təsir edən amillər
Xülasə
Vergi uyğunluğu, yalnız iqtisadi və mali faktorlarla məhdudlaşmayan, eyni zamanda psixoloji, sosial və hüquqi aspektləri də əhatə edən kompleks və çoxölçülü bir anlayışdır. Fərdlərin və müəssisələrin vergilərini könüllü şəkildə ödəməyə yönəlmiş davranış və münasibətlərinə təsir edən amillər müxtəlifdir və bu faktorlar ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, hüquqi infrastrukturu, mədəni dəyərləri və idarəetmə keyfiyyəti kimi strukturlardan asılı olaraq dəyişə bilər. Əsasən, fərdin gəlir səviyyəsi, tətbiq olunan vergi dərəcələrinin ədalətlilik və bərabərlik prinsiplərinə uyğunluğu, vergi öhdəliklərinə əməl olunmaması halında tətbiq ediləcək cəza və sanksiyalar, yoxlamaların intensivliyi və həyata keçirilmə ehtimalı, vergi qanunvericiliyinin aydın və sadə dildə hazırlanması, mövcud qanunvericilikdə olan boşluqlar və ziddiyyətlər, cəmiyyətdə formalaşmış vergi mədəniyyəti və ictimai rəylər vergi uyğunluğuna əhəmiyyətli dərəcədə təsir edir. Bundan əlavə, dövlətin və vergi orqanlarının şəffaflığı, hesabatlılığı və ədalətli davranışı da vətəndaşların vergi sisteminə olan inamını formalaşdıran mühüm psixoloji və institusional faktorlardır. Digər tərəfdən, dövri olaraq həyata keçirilən maliyyə amnistiyası və ya vergi borclarının silinməsi kimi tətbiqlər, qısa müddətli müsbət təsir göstərsə də, uzunmüddətli dövrdə vergi ödəyicilərində ədalətsizlik və sistemə qarşı inamsızlıq yarada bilər. Nəticə etibarilə, vergi uyğunluğunun artırılması üçün yalnız fiskal siyasətlər deyil, eyni zamanda sosial maarifləndirmə, hüquqi islahatlar və idarəetmədə şəffaflıq kimi müxtəlif istiqamətli tədbirlərin həyata keçirilməsi zəruridir.
Açar sözlər: vergi uyğunluğu, iqtisadi amilər, qeyri-iqtisadi amillər, öhdəliklər, könüllü ödəmə