DOI: https://doi.org/10.36719/2789-6919/45/100-103
Aytən İbrahimova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0000-0002-3529-0883
ayten_edahib@yahoo.com
Xarici dilin əsas tədris pilləsində qrammatik materialların öyrədilməsinin səmərəli yolları
Xülasə
Xarici dil öyrənənlər qrammatikanı mənimsəmək üçün müxtəlif növ bilik və bacarıqlara sahibdir. Qrammatikanın təlim fəaliyyətində səmərəli tədrisi üçün müxtəlif növ metod və üsullardan istifadə edilir. Dilin mənimsədilməsində bir sıra metod və yanaşmanın irəli sürüldüyünü adları ilə izahlı şəkildə artıq ilk fəslimizdə qeyd etdik. Hər biri özünəməxsus tərtibatla xarici dil dərslərinin tədrisində istifadə edilib. Ümumiyyətlə, qrammatik materialların öyrədilməsinin səmərəli yolları olduqca problemli bir məsələdir. Çünki tədris zamanı hər bir müəllimin, təlimçinin fərqli metodları ola bilər və öyrətmə üsulu bir-birilə eynilik təşkil etmir. Təlim şəraiti, iştirakçıların fərqli olması, təbii ki, qrammatikanın tədrisinə, təlim fəaliyyəti zamanı müəyyən dəyişikliklərin edilməsinə səbəb olur. Təlim prosesi bir incəsənətdir, təlimçi isə bir sənətçidir. Qrammatik materialların öyrədilməsi ilə bağlı hər bir məktəblinin fərqli yanaşma üsulu, baxış tərzi vardır. Öyrənənlərin bəziləri qrammatikanın cəlbedici olduğunu fikirləşdiyi halda, digərləri əksinə, onun sıxıcı və çətin olduğunu düşünür.
Qrammatikaya qarşı münasibətdə bu cür fərqli yanaşmaların mövcud olmasını bəzən öyrənənlərin psixoloji amilləri ilə əlaqələndirirlər, yəni hesab edilir ki, onların beyin gücü qrammatikanı tam qavraya bilmir. Əvvəlki tədris illərində qrammatikanın öyrədilmə metodlarının uyğunsuz və ağır olması da öyrənənlərin qrammatikanın mənimsənilməsi ilə bağlı qarşılaşdığı çətinliklərin səbəblərindən biridir. Səmərəli olmayan üsullara nümunə olaraq, uzun mühazirələri, bir qrammatik qaydanın üzərində kifayət qədər anlaşıqlı, aydın olmayan və hər bir öyrənən tərəfindən eyni qəbul edilməyən tapşırıqları aid edə bilərik.
Açar sözlər: Xarici dil, qrammatik material, öyrənmə metodu, təlim prinsipi