DOI: https://doi.org/10.36719/2706-6185/57/135-140
Anar İsgəndərov
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0001-3489-9697
anarisgndrov064@gmail.com
Xarici investisiyaların Azərbaycan turizminə cəlb olunmasında
mövcud maneələr və risklərin idarə olunması
Xülasə
Məqalədə Azərbaycan Respublikasının turizm sektoruna xarici investisiya axınlarının artırılması istiqamətində qarşıya çıxan hüquqi, siyasi və institusional maneələr sistemli şəkildə təhlil olunur. Qlobal tendensiyalar göstərir ki, turizm sektoru artıq yalnız mədəni və istirahət yönümlü sahə deyil, həm də mühüm iqtisadi dəyər formalaşdıran sahələrdən birinə çevrilmişdir. Bu səbəbdən investisiya mühiti, xüsusilə hüquqi sabitlik və risklərin idarə olunması məsələləri xarici sərmayədarlar üçün əsas göstəricilərdən biridir. Məqalədə siyasi qeyri-müəyyənliklər, hüquqi mexanizmlərin qeyri-effektiv tətbiqi, uzunmüddətli müqavilələrin sabitliyi və mübahisələrin səmərəli həlli kimi əsas problemlər araşdırılır.
Tədqiqatda mübahisələrin beynəlxalq arbitrajla həlli imkanları, Azərbaycanın ikitərəfli investisiya sazişlərindən irəli gələn öhdəlikləri və investorlara təqdim edilə biləcək hüquqi-maliyyə təminat mexanizmləri təhlil edilir. Bundan əlavə, dövlət zəmanətləri, sığorta fondu modelləri və MIGA/ICSID kimi beynəlxalq strukturların imkanları araşdırılaraq tövsiyə xarakterli yanaşmalar irəli sürülür. Məqalənin nəticəsi olaraq, hüquqi bazanın təkmilləşdirilməsi və sektoral investisiya siyasətinin çevikləşdirilməsi ilə turizm sektoruna yönələn xarici sərmayələrin davamlı şəkildə artması üçün konkret hüquqi, iqtisadi və institusional tədbirlərin əhəmiyyəti vurğulanır.
Açar sözlər: xarici investisiya, turizm sektoru, hüquqi risklər, arbitraj, BIT, hüquqi təminat, maliyyə zəmanətləri, ICSID, mübahisələrin həlli