DOI: https://doi.org/10.36719/2789-6919/57/7-13
Elşən Aslanov
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-3823-4350
elshanaslanov@bsu.edu.az
XIX əsrin əvvəllərində Qarabağda demoqrafik dəyişikliklər: Rusiya imperiyasının köçürmə siyasəti kontekstində
Xülasə
Bu tədqiqat işində XIX əsrin əvvəllərində Qarabağ bölgəsində baş vermiş demoqrafik dəyişiklikləri Rusiya imperiyasının həyata keçirdiyi köçürmə siyasəti kontekstində kompleks şəkildə araşdırılır. Məqalədə göstərilir ki, regionda formalaşmış yeni demoqrafik vəziyyət təkcə miqrasiya nəticəsi deyil, daha geniş geosiyasi və sosial proseslərin qarşılıqlı təsiri ilə meydana çıxmışdır. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində baş verən müharibələr, xüsusilə Rusiya–İran qarşıdurmaları və daxili qeyri-sabitlik Qarabağda əhali sayının kəskin azalmasına gətirib çıxarmışdır. Bu azalma nəticəsində yaranmış demoqrafik boşluq sonrakı mərhələdə imperiya tərəfindən planlı şəkildə istifadə olunmuş və yeni əhali yerləşdirilməsi üçün əlverişli zəmin formalaşdırılmışdır.
Tədqiqatın nəticələri göstərir ki, baş verən dəyişikliklər yalnız əhali sayının artması ilə məhdudlaşmamış, eyni zamanda, regionun etnik tərkibində, məskunlaşma modelində və sosial münasibətlər sistemində köklü dəyişikliklərə səbəb olmuşdur. Yeni formalaşmış demoqrafik nisbətlər regionun iqtisadi həyatına da təsir edərək ticarət və sənətkarlıq fəaliyyətlərinin strukturunda dəyişikliklər yaratmışdır.
Bununla yanaşı, araşdırma göstərir ki, köçürülmə siyasəti imperiyanın Cənubi Qafqazda uzunmüddətli möhkəmlənmə strategiyasının ayrılmaz hissəsi olmuşdur. Bu proses nəticəsində yaranmış demoqrafik reallıqlar sonrakı dövrlərdə sosial və etnik münasibətlər sisteminə təsir göstərmiş və regionun tarixi inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdən birinə çevrilmişdir.
Açar sözlər: Qarabağ, köçürülmə siyasəti, demoqrafik dəyişikliklər, Türkmənçay müqaviləsi, Rusiya imperiyası, miqrasiya, etnik struktur, XIX əsr