Arxiv
Elmi iş - 2024
Əzizxan İman oğlu Əzizov
Bakı Dövlət Universiteti
Ezizov_eziz@hotmail.com
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN SƏLAHİYYƏTLƏRİNİN
KONSTİTUSİON XARAKTERİSTİKASI
Açar sözlər: Azərbaycan Respublikası, Konstitusiya, qanunvericilik hakimiyyəti, Milli Məclis
Key words: Azerbaijan Republic, Constitution, legislative power, Milli Majlis
Ключевые слова: Азербайджанская Республика, конституция, законодательная власть, Милли Меджлис
Giriş
Parlamentin konstitusion səlahiyyətlərinin həcmindən asılı olaraq onun üç növü vardır. Parlament idarəçilik formasının hökm sürdüyü ölkələrdə parlamentin səlahiyyətləri qeyri-məhduddur. E.Uejd və F.Fillips qeyd edirdilər ki, parlamentin aliliyi qanunvericiliyin aliliyini, dövlət büdcəsini təsdiq etmək və vergiləri təyin etmək hüququnu, hökumətin parlament qarşısında kollektiv məsuliyyətini, hakimləri təyin etmək hüququ, rəqabət aparan başqa oxşar hakimiyyətlərin olmamasını nəzərdə tutur (5, s.70).
Piter Bromhedə görə, qanunvericilik aktlarının məzmunu ilə bağlı heç bir konstitusion məhdudiyyət yoxdur, hər hansı qanunun qəbulu ilə bağlı hər hansı maneə yoxdur (4, s. 199). ABŞ Konstitusiyasının 1-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, burada bütün qanunvericilik səlahiyyətləri senat və nümayəndələr palatasından ibarət Birləşmiş Ştatlar konqresinə verilmişdir. İtaliya Respublikasının Konstitusiyasının 55-ci maddəsinə görə, parlament millət vəkilləri Palatasından və Respublika senatından ibarətdir. Həmin konstitusiyanın 70-ci maddəsində isə qanunvericilik funksiyasının hər iki palata tərəfindən birgə yerinə yetirilməsindən bəhs olunur. Yaponiyanın 1946-cı il Konstitusiyası 41-ci maddədə nəzərdə tutur ki, parlament ən ali dövlət hakimiyyət orqanıdır və dövlətin yeganə qanunverici orqanıdır. Yaponiya konstitusiyasında parlamentin səlahiyyətləri sadalanmadığından, predmetinə görə onun səlahiyyətlərinin qeyri-məhdud olması nəticəsinə gəlmək olar. Yaponiya Konstitusiyasının 59-64-cü maddələrindən parlamentin qanunvericilik, büdcə, nəzarət və məhkəmə səlahiyyətlərinə malik olmasını müəyyənləşdirmək olar.
Baxış: 846