Arxiv
Elmi iş - 2024
Südabə Nəsrəddin qızıİsgəndərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
İNTELLEKTUAL POZULMASI OLAN UŞAQLARDA REFLEKSİYANIN İNKİŞAFI ŞƏRTLƏRİ
Açar sözlər: refleksiya, intellektual qabiliyyəti pozulmuş uşaqlar, emosional-iradi sfera, təlabat-motivasiya sferası, özünüqiymətləndirmə, iddia səviyyəsi
Key words: reflection, children with intellectual disabilities, emotional-volitional sphere, motivational-needful sphere, self-esteem, level of claims
Ключевые слова:рефлексия, дети с ограниченными интеллектуальными возможностями, эмоционально-волевая сфера, мотивационно-потребностная сфера, самооценивание, уровень притязаний
Refleksiya “keçmişə müraciət” mənasını bildirib, fərdin özünüdərk məqsədi ilə düşünmə prosesinə daxil olaraq özünün dəyərlərini, prinsiplərini, duyğu və hisslərini, bacarıqlarını və davranışlarını anlaması və təhlil etməsidir. Refleksiya güclü funksiyalara malikdir. Onun mövcudluğu insana şüurlu şəkildə öz düşüncəsini planlaşdırma, tənzimləmə və nəzarət etməsinə imkan verir. Refleksiya düşüncələrin sadəcə həqiqiliyini deyil, eyni zamanda məntiqli olmasını qiymətləndirməyə kömək edir. O, emosional intellektin əsas ünsürlərindən olan özünüdərk prosesini təmsil edir. Müasir psixologiyada özünüdərk - insanın öz emosiyalarının xarakterini dərk etməsi, güclü və zəif yanlarının fərqinə varması, dəyərlərini və prinsiplərini müəyyənləşdirməsi, həyatdakı missiyasını aydınlaşdırması kimi qəbul olunmuşdur. Refleksiya, eyni zamanda, insanın özünü, öz daxili aləmini dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, öz əməllərini, başqaları ilə münasibətlərini görmək bacarığı, özü haqqında mühakimələri deməkdir. Refleksiya başqalarının sənə necə münasibət bəslədiyini, necə yanaşdığını, onların səni necə başa düşdüklərini görmək və dərk etməsi deməkdir.
Baxış: 1555