DOI: https://doi.org/10.36719/2789-6919/51/57-61
Fidan Hümbətova
Bakı Biznes Universiteti
doktorant
https://orcid.org/0009-0009-4342-3568
humbetovafidan28@gmail.com
Ali təhsildə keyfiyyət təminatı və onun
innovativ xüsusiyyətləri
Xülasə
Ali təhsildə keyfiyyətin təmin edilməsi məsələsi təhsil siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Qlobal rəqabətin artması, əmək bazarının dəyişən tələbləri, texnologiyaların sürətli inkişafı bununla yanaşı olaraq BMT-nin “Davamlı İnkişaf Məqsədləri”nin, xüsusilə də “Keyfiyyətli təhsil” məqsədinin həyata keçirilməsi zərurəti bu sahədə yeni, innovativ yanaşmaların tətbiqini daha da aktuallaşdırır.
Keyfiyyət təminatı anlayışı yalnız akkreditasiya və qiymətləndirmə mexanizmləri ilə məhdudlaşmır. Universitetlərin daxili idarəetmə strukturu, strateji planlaşdırması və davamlı inkişaf siyasəti keyfiyyət təminatı ilə sıx şəkildə əlaqəlidir. Müasir dövr ali təhsil müəssisələri üçün keyfiyyət təminatı sisteminin əsas məqsədi tədris, tədqiqat və ictimai fəaliyyət sahələrində səmərəliliyi artırmaq, şəffaflıq və hesabatlılığı təmin etmək, həmçinin tələbələrin məmnunluğunu yüksəltməkdir.
Bu məqalədə ali təhsildə keyfiyyət təminatının mahiyyəti, onun idarəetmə strukturları və innovativ xüsusiyyətləri təhlil olunur. Eyni zamanda, Azərbaycanda ali təhsil sistemində həyata keçirilən keyfiyyət təminatı mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən tədbirlər və mövcud çətinliklər nəzərdən keçirilir. Nəticələr göstərir ki, innovativ idarəetmə yanaşmalarının tətbiqi ali təhsildə keyfiyyətin davamlı inkişafını təmin etməklə yanaşı, milli ali təhsil sisteminin qlobal təhsil məkanına inteqrasiyasını da gücləndirir.
Açar sözlər: ali təhsil, keyfiyyət təminatı, innovasiya, idarəetmə, davamlı inkişaf, akkreditasiya