DOI: https://doi.org/10.36719/2789-6919/44/137-141
Kəmalə Bağırova
Bakı Slavyan Universiteti
magistrant
https://orcid.org/0009-0001-3128-9578
bagirova.kamala20@gmail.com
Aşağı siniflərdə ingilis dili oxu bacarıqlarının formalaşdırılmasının
linqvistik və psixolinqvistik aspektləri
Xülasə
Məqalədə aşağı siniflərdə ingilis dilində oxuyub-anlama bacarıqlarının formalaşdırılmasının linqvistik və linqvo-psixoloji aspektləri tədqiqata cəlb olunmuşdur. Tədqiqat zamanı ingilis dilində oxu bacarıqlarının formalaşdırılmasının əhəmiyyəti, onun digər reseptiv və produktiv dil bacarıqlarına ola bilən birbaşa və dolayısı təsirləri də linqvistika prizmasından öyrənilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, aşağı siniflərdə ingilis dilində oxu praktiklarının keçirilməsi sadə deyil, əqli fəaliyyət kimi görülməlidir. Təlim-tədris işi bu istiqamətdə aparılmadığı təqdirdə gələcəkdə şagirdlərin oxuyub-anlama bacarıqlarının arzu edilən nəticələrinin əldə olunmaması ilə nəticələnə biləcəyi qənaətinə gəlinmişdir. Bu məqalədə həmçinin aşağı sinif şagirdlərində ingilis dilində oxuyub-anlama bacarıqlarının formalaşdırılması və əhəmiyyəti müzakirə olunur. Qeyd olunur ki, oxuyub-anlama yalnız dil öyrənmə məqsədi deyil, həm də digər dil bacarıqlarının inkişafında mühüm vasitədir. Məqalədə vurğulanır ki, bu bacarıq şagirdlərin təfəkkür, təsəvvür, diqqət və emosional fəaliyyətlərini fəallaşdırır, eyni zamanda onların sosial və estetik inkişafına da töhfə verir. Müəllif oxuyub-anlama prosesinin mərhələlərini (səs-hərf tanıma, heca oxuma, sintetik oxu) izah edir və uğurlu oxu üçün şagirdin motivasiyasının, tanış leksikanın və real həyatla əlaqənin vacibliyini qeyd edir. Məqalədə həmçinin metakoqnitiv strategiyaların tətbiqinin, tənqidi və yaradıcı təfəkkürün inkişafına olan təsiri də qeyd olunur. Sonda vurğulanır ki, düzgün təşkil olunmuş oxu dərsləri şagirdlərin dildə ünsiyyət və fikrini ifadə etmə bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilər.
Açar sözlər: İngilis, oxu, anlam, dil, linqvistik, psixolinqvistik, bacarıqlar, tədris, nitq