DOI: https://doi.org/10.36719/2706-6185/57/37-43
Avropa İttifaqının tərəfdaşlıq strategiyasının nəzəri əsasları
Xülasə
Müasir beynəlxalq münasibətlər sistemində Avropa İttifaqının (Aİ) tərəfdaşlıq strategiyası regional inteqrasiya və beynəlxalq stabilliyin təmin olunmasında mühüm rol oynayır. Bu tədqiqat Aİ- nin tərəfdaşlıq strategiyasının nəzəri əsaslarını, xarici siyasət mexanizmlərini, normativ güc konsepsiyasını və institusional transformasiya vasitələrini araşdırır. Tədqiqat göstərir ki, Aİ-nin tərəfdaşlıq siyasəti yalnız iqtisadi inteqrasiyanı təşviq etməklə kifayətlənmir, eyni zamanda demokratik institutların inkişafını, insan hüquqlarının qorunmasını və hüququn aliliyi prinsiplərinin tətbiqini hədəfləyir. Normativ güc konsepsiyası çərçivəsində Aİ tərəfdaş ölkələrdə davranış və institusional dəyişikliklər yaratmaq üçün yumşaq güc və şərtlilik mexanizmlərindən istifadə edir. Avropa Qonşuluq Siyasəti, Ümumi Ticarət Siyasəti, Ümumi Xarici və Təhlükəsizlik Siyasəti və iqtisadi-maliyyə yardımı kimi mexanizmlər vasitəsilə tərəfdaş ölkələrdə institusional modernləşməni dəstəkləyir. Eyni zamanda, tədqiqatda tənqidi yanaşmalar da qeyd edilir, normativ təsirin effektivliyinin tərəfdaş ölkələrin milli maraqları, siyasi strukturlarının dayanıqlığı və iqtisadi vəziyyəti ilə məhdudlaşdığı göstərilir. Nəticə olaraq qeyd edilir ki, Aİ-nin tərəfdaşlıq strategiyası regional inteqrasiyanı və demokratik institutların inkişafını təşviq edən kompleks və çoxşaxəli bir vasitədir. Strategiyanın uğuru institusional islahatların davamlılığı, siyasi dialoqun genişləndirilməsi və normativ prinsiplərin ardıcıl tətbiqi ilə bağlıdır.
Açar sözlər: Avropa İttifaqı, tərəfdaşlıq strategiyası, normativ güc, institusional transformasiya, demokratik institutlar