DOI: https://doi.org/10.36719/2663-4619/117/64-68
Fazil Ayvazalı
Bakı Dövlət Universiteti
Magistrant
https://orcid.org/0009-0006-8569-6546
fazil.ay17@gmail.com
Azərbaycan turizm sektorunun inkişafında beynəlxalq əməkdaşlıq
lahiyələrinin rolu
Xülasə
Məqalədə Azərbaycanın turizm sektorunun inkişafında beynəlxalq əməkdaşlıq layihələrinin rolu və bu layihələrin sosial-iqtisadi və mədəni təsirləri araşdırılır. Qloballaşma şəraitində turizm sektoru ölkələr arasında əməkdaşlığın güclənməsi, mədəniyyətlərarası dialoqun dərinləşməsi və regional inkişafın təmin olunması baxımından mühüm strateji sahəyə çevrilmişdir. Azərbaycan dünya turizm bazarının davamlı şəkildə dəyişən tələblərinə uyğun yeni turizm məhsullarının formalaşdırılması və onların qlobal bazara inteqrasiyası istiqamətində həm beynəlxalq təşkilatlarla, həm də xarici dövlətlərlə müxtəlif əməkdaşlıq proqramları, layihələr və anlaşmalar həyata keçirir. Bu imkanlardan səmərəli istifadə edərək ölkəmiz Avropa İttifaqı, UNWTO, UNESCO, GIZ, Türk Dövlətləri Təşkilatı və başqa beynəlxalq təşkilatlar ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq etmişdir. Məqalədə “EU4Culture”, “COVCHEG”, “İpək Yolu Fəaliyyət Planı” və Alman irsi layihələri nümunəsində regionlarda mədəni irsin qorunması, ekoturizmin və aqroturizmin təşviqi, dayanıqlı turizm modellərinin qurulması kimi məsələlər təhlil olunur.
Eyni zamanda, Azərbaycanın turizm təhsili sahəsində beynəlxalq ikili diplom proqramları və kadr hazırlığı təşəbbüsləri qeyd olunur. Bu layihələr həm ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə, həm də yerli icmaların rifah səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərmişdir. Nəticə olaraq, beynəlxalq turizm əməkdaşlığı Azərbaycanın turizm sektorunu dayanıqlı, rəqabətədavamlı və inteqrativ şəkildə inkişaf etdirmək üçün mühüm platformaya çevrilmişdir.
Açar sözlər: beynəlxalq turizm əməkdaşlığı, beynəlxalq turizm lahiyələri, turizm təhsili, alman irsi turizm, slowfood, turizm bazarına inteqrasiya