Azərbaycanda animasiya sənətinin yaranması və inkişafi
Samid Qarayev
Xülasə. Azərbaycan Respublikasında animasiya sektorunun formalaşması və təkmilləşməsi milli kino sənətinin ən strateji və əhəmiyyətli istiqamətlərindən biri hesab edilir. Bu sektorun tarixi təkamülü dövründə araya-ərsəyə gətirilmiş animasiya nümunələri həm mövzu rəngarəngliyi, həm də bədii ifadə vasitələrinin zənginliyi istiqamətindən mütəxəssislərin diqqətini cəlb etmişdir. Keçilən tarixi yol göstərir ki, milli animasiya filmləri zəngin Azərbaycan mədəniyyətinin, şifahi xalq ədəbiyyatının və folklor ənənələrinin ekran dilinə daşınmasında, eləcə də gənc nəslə ötürülməsində əvəzsiz rol oynamışdır. Animasiya sahəsinin inkişafında və beynəlxalq arenaya çıxmasında rejissor, rəssam və ssenaristlərin fərdi yaradıcılıq bacarıqları, vizual təfəkkürü özünəməxsus yer tutmuşdur. Dövrün texniki tərəqqisi ilə ayaqlaşan innovativ və estetik metodların tətbiqi bu sektorun həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşməsinə güclü təkan vermişdir.
Mövzunun kompleks şəkildə araşdırılması zamanı yerli animasiya filmlərinin estetik xarakteristikaları, ideoloji-tərbiyəvi funksiyaları və milli-mənəvi dəyərlərin gələcək nəsillərə aşılanmasındakı missiyası dərindən təhlil olunmuşdur. Tədqiqat nəticəsində müəyyənləşdirilmişdir ki, animasiya sektoru sadəcə vizual əyləncə vasitəsi deyil, o cümlədən cəmiyyətin tarixi-mədəni yaddaşının müdafiə olunmasına və milli kimliyin qorunmasına xidmət göstərən əhəmiyyətli bir sənət bölməsidir. Azərbaycanda animasiyanın tarixi təkamül mərhələləri milli kinonun ümumi inkişaf xətti ilə tam inteqrasiyalı şəkildə formalaşmış, zamanın ideoloji tələblərinə və bədii cərəyanlarına uyğun olaraq respublikanın mədəni kontekstində özünəməxsus fundamental yer almışdır. Bu baxımdan, sahənin multidissiplinar kontekstdə öyrənilməsi müasir ekran sənətinin perspektivlərini anlamaq üçün böyük aktuallıq kəsb edir.
Açar sözlər: animasiya, animasiya sənəti, milli kino, filmlər, mədəniyyət, estetik xarakteristika, mədəni yaddaş