Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

Buzovlarda trixofitiyanın müalicəsinə dair

müasir terapevtik yanaşmalar və konsepsiyalar

 

Vüsalə Sərdarlı1* , Ramil Məmmədov2 , Könul Dünyamalıyeva3 ,

Sevinc Novruzova3 , Nərgiz Hüseynova3

 

Xülasə. Bu tədqiqatın məqsədi iri buynuzlu heyvanlarda dəmronun törədicilərinin ayrılması və identifikasiyası, həmçinin buzovlarda trixofitiyanın müalicəsində LTF-201 “Arm” vaksininin Mixoferon immunomodulyatoru və Akamiksan yerli etiotrop preparatı ilə birlikdə tətbiqinin terapevtik effektivliyinin müqayisəli şəkildə qiymətləndirilməsi olmuşdur. Tədqiqat Azərbaycan Respublikasının Samux rayonunun Qaraarx qəsəbəsində yerləşən Vəli Quliyevə məxsus özəl fermer təsərrüfatında və Regional Baytarlıq Diaqnostika laboratoriyasında aparılmışdır. 150 baş buzovun klinik müayinəsi zamanı 30 heyvanda (20,0 %) dermatofitozlara xas kliniki əlamətlər aşkar edilmişdir. Diaqnozun təsdiqi məqsədilə şübhəli heyvanların zədələnmiş və sağlam dəri sahələrinin sərhədindən dəri qaşıntıları götürülmüşdür. Alınmış nümunələr birbaşa mikroskopik müayinədən keçirilmiş və mikobiotik qida mühitlərinə əkilərək 25–28 °C temperaturda inkubasiya olunmuşdur. Aparılmış mikoloji tədqiqatlar nəticəsində xəstə buzovlardan Trichophyton cinsinə aid dermatofit göbələkləri ayrılmış və identifikasiya edilmişdir. Müalicənin effektivliyini qiymətləndirmək üçün 30 xəstə buzov hər birində 15 baş olmaqla iki qrupa bölünmüşdür. Birinci qrupun heyvanlarına LTF-201 “Arm” vaksini 2 ml dozada əzələdaxili yeridilmiş, Mixoferon 2000 BV/kq dozada tətbiq edilmiş və zədələnmiş dəri sahələrinə Akamiksan preparatı çəkilmişdir. İkinci qrupun heyvanlarına isə LTF-201 “Arm” vaksini və yalnız Akamiksan preparatı tətbiq olunmuş, Mixoferon istifadə edilməmişdir. Müəyyən edilmişdir ki, trixofitiya ilə xəstə buzovlarda əsasən humoral immun sistemini əhatə edən ikincili immunçatışmazlıq inkişaf edir.  Xəstəliyin aktiv mərhələsində interferonun səviyyəsi 2,5 dəfədən çox azalır ki, bu da klinik cəhətdən sağlam heyvanlarla müqayisədə qan zərdabının bakterisid və lizozim aktivliyinin aşağı düşməsi ilə müşayiət olunur. LTF-201 “Arm” vaksininin Mixoferon ilə birlikdə tətbiqi qeyri-spesifik rezistentlik göstəricilərinin daha sürətli bərpasını, dəridə reparativ proseslərin və tük örtüyünün regenerasiyasının sürətlənməsini, eləcə də immunomodulyatorsuz müalicə sxemi ilə müqayisədə klinik sağalma müddətinin statistik cəhətdən əhəmiyyətli dərəcədə qısalmasını təmin etmişdir.

Açar sözlər: dermatofitoz, LTF-201 “Arm” vaksini, Miksoferon, Akamiksan, qan nümunəsinin götürülməsi, qan zərdabının bakterisid və lizosim aktivliyi, immunomodulyator


Baxış: 124