https://doi.org/10.36719/2706-6185/43/11-16
Cahangir Məmmədli
Bakı Dövlət Universiteti
filologiya elmləri doktoru
https://orcid.org/0009-0002-9185-9242
Cəlil Məmmədquluzadə irsi Anar yaradıcılığında
Xülasə
Məqalədə C. Məmmədquluzadə irsinin əsas göstəriciləri – mövhumata, cəhalətə, ədalətsizliyə qarşı mübarizəsi, milli azadlıq ideyaları, azərbaycançılığın publisistik qoyuluşu və s. kimi mövzu dünyası və bu irsin müasirlik faktları təhlil edilir. Mirzə Cəlil irsinin müasirlik prinsipləri Xalq yazıçısı Anarın çoxsaylı əsərlərində qiymətləndirilməsi və gündəmə gətirilməsi məqalənin əsas məzmununu təşkil edir.
Məqalədə Xalq yazıçısı Anarın təkcə Mirzə Cəlil yaradıcılığı ilə deyil, bütövlükdə Azərbaycan klassik söz ustaları haqqında müxtəlif janrlarda yazıları da təhlil edilir. Lakin, əlbəttə, əsas təhlil obyekti Anarın Cəlil Məmmədquluzadə yaradıcılığına həsr etdiyi əsərlərdir. Anarın hələ 1968-ci ildə, lap cavan vaxtlarında qələmə aldığı “Anlamaq dərdi” essesinin elə o zaman ədəbi hadisə kimi qarşılanması qeyd olunur və bu essenin kontent-analizi ətrafında elmi fikir söylənilir.
Məqalənin ciddi təhlil obyektlərindən biri “Cəlil Məmmədquluzadə ensiklopediyası” nəşrinə Anarın yazdığı “Əbədi Mirzə Cəlil” başlıqlı 30 səhifəlik essesi təşkil edir. Yazıçının bu essesi qısa və lakonik şəkildə Mirzə Cəlilin ədəbi portretini təqdim edir. Təqdim olunan bu məqalədə həmin essenin həm obyekti, həm də sənətkarlıq xüsusiyyətləri təhlilə cəlb edilir. Məqalədə qeyd olunur ki, “Əbədi Mirzə Cəlil” adlı bu esse, həqiqətən də, C. Məmmədquluzadənin əbədiliyini sübut edən ədəbi bir fakt kimi qiymətlidir.
Belə bir qənaət hasil olur ki, C. Məmmədquluzadə irsi Anarın publisistik yaradıcılığında özünün hərtərəfli ifadəsini tapır və bu əsərlər müasir, gənc nəsli Mirzə Cəlil yaradıcılığına yönəldir
Açar sözlər: klassika, irs, xalq, “Molla Nəsrəddin”, ideologiya, sənətkarlıq, müasirlik, janr, ədəbi-bədii