DOI: https://doi.org/10.36719/2789-6919/46/62-66
Kəmalə Ağayeva
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0002-6018-1264
kamala.aghayeva.sardar@bsu.edu.az
Diqqət əskikliyi və hiperaktivlik pozuntusu olan uşaqlarda diqqətin tənziminin pozulması
Xülasə
Diqqət əskikliyi və hiperaktivlik pozuntusu (DƏHP) yaşa uyğun olmayan diqqətsizlik, hiperaktivlik və impulsivlik ilə xarakterizə olunan mürəkkəb neyroinkişaf pozuntusudur. Əsasən, uşaqlarda diaqnoz qoyulsa da, simptomlar çox vaxt yetkinlik dövrünə qədər və böyüklərdə də davam edir. DƏHP olan uşaqlarda diqqət, tapşırıqların təşkil edilməsində, impulsivliyi idarə etməkdə və emosiyalara nəzarət etməkdə çətinliklər olur ki, bu da evdə, məktəbdə və sosial mühitdə funksional pozuntulara səbəb olur. Dünyada uşaqlar arasında yayılma göstəriciləri 5–10% arasında dəyişir. Azərbaycanda isə dəqiq statistik məlumatlar məhdud olsa da, bu diaqnoz qoyulan uşaqların sayı artmaqdadır. DƏHP-in yaranmasında genetik amillər mühüm rol oynayır və irsiyyətin rolu 70–80% civarındadır. Dopamin və serotonin sistemlərinə təsir edən genetik faktorlarla yanaşı, prenatal toksinlər, ana psixopatologiyası və doğuşla bağlı risklər də mühüm ətraf mühit amilləridir. DƏHP zamanı diqqət əskikliyindən daha çox onun tənzimlənməsi pozulur. Hiperfokus- uşağın maraqlandığı fəaliyyətə həddindən artıq diqqət yönəltməsi bu pozuntunun vacib cəhətlərindəndir və bu da dopaminin tənziminin pozulması ilə əlaqələndirilir. DƏHP-in erkən diaqnozu, simptomların müxtəlifliyinin nəzərə alınması və fərdi müdaxilələr uşağın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Açar sözlər: diqqət, hiperfokus, hiperaktivlik, impulsivlik, tormozlanma