https://doi.org/10.36719/2706-6185/43/92-98
Mahir Qəribov
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
mahir_garibov@yahoo.com
https://orcid.org/0009-0002-8183-5802
Əhməd bəy Ağaoğlunun mətbu fəaliyyətində milli birlik ideyası və
ideoloji məsələlər
Xülasə
XX əsr tarixində Azərbaycanın ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən olan Əhməd bəy Ağaoğlunun milli birlik düşüncəsi və ideoloji baxışları milli mətbuatın səhifələrində öz əksini tapıb. Onun “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetlərində nəşr etdirdiyi elmi-publisistik, ədəbi-tənqidi məqalələrdə ictimai-siyasi və jurnalistika görüşlərinə geniş yer verilib. Bu məqalələrdə təhsil aldığı Avropa mühiti, demokratik dəyərlər prinsipi əsas yer tutsa da, millilik hər zaman onun düşüncə tərzində ön planda olub. Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətini əks etdirən dövrü mətbuat nümunələri təsdiq edir ki, bu nəhəng ictimai-siyasi xadim mənsub olduğu ölkə və milləti üçün yorulmadan çalışmış, dövrünün ən mühüm və aktual mövzularını qələmə alaraq müxtəlif qəzet və jurnallarda dərc etdirmişdir. Görkəmli tədqiqatçı alim, publisist, ictimai xadim, pedaqoq, yazıçı, filosof, mütəfəkkir kimi tanınan Əhməd bəy Ağaoğlu, ağır zəhmət və intellekt tələb edən sahələrin hər birində öndə gedən mübariz və mükəmməl bir şəxsiyyət idi. Ağaoğlu Azərbaycan xalqının milli oyanışına ciddi təsir göstərmiş, Azərbaycanda milli mənlik şüurunun formalaşmasında yaxından iştirak etmişdir.
Açar sözlər: mətbuat tarixi, “Həyat” qəzeti, “İrşad” qəzeti, Əhməd bəy Ağaoğlunun ideoloji baxışları, demokratizm və milli təfəkkürün təbliğatçıları