DOI: https://doi.org/10.36719/2789-6919/46/67-70
Mehman Şabanov
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0002-3510-7847
mehmansabanov@ndu.edu.az.
Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində fəaliyyəti
Xülasə
1920-ci ildə ermənilər Azərbaycanın Zəngəzur bölgəsinə nəzarəti ələ keçirdikən sonra 1921-ci ildə Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsi üçün cəhdlər göstərmişlər. Nəriman Nərimanovun prinsipial və qəti mövqeyi bu niyyətin həyata keçməsinin qarşısını almışdır. 1922-ci ilin sonlarında N.Nərimanovun Moskvaya köçürülməsindən sonra, 1923-cü ilin iyul ayında Dağlıq Qarabağa muxtar vilayət statusunun verilməsinə nail olunmuşdur. Bununla bağlı erməni tərəfi Qarabağ üzərində iddialarından əl çəkməmiş, müxtəlif dövrlərdə bu məsələni yenidən gündəmə gətirməyə davam etmişdir. Nəriman Nərimanovun prinsipial mövqeyi və ardıcıl fəaliyyəti nəticəsində Rusiya Kommunist (bolşevik) Partiyası Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasında xüsusi qərar qəbul edilmişdir. Həmin qərarda bölgədə yaşayan müsəlmanlar və ermənilər arasında milli barışın təmin olunması, Yuxarı və Aşağı Qarabağ arasında mövcud iqtisadi bağların qorunması, eləcə də Qarabağın Azərbaycanla tarixi və coğrafi əlaqələrinin vacibliyi əsas götürülərək, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması məqsədəuyğun sayılmışdır.
Açar sözlər: Heydər Əliyev, Qarabağ, partiya, katib, büro