Gəmi sürücülüyünün təhlükəsizliyinin təmin olunmasında peyk naviqasiya sistemlərinin (PNS) rolu
Еlnur Аbbаsоv1*
, Aytac Rüstəmli2
Xülаsə. Müasir dəniz nəqliyyatı sektorunda gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən biridir. Qlobal ticarətin genişlənməsi və gəmi hərəkətinin intensivləşməsi naviqasiya proseslərinin daha dəqiq və etibarlı həyata keçirilməsini tələb edir. Bu baxımdan peyk naviqasiya sistemləri (PNS) gəmiçilik sənayesində mühüm rol oynayır. Məqalədə GPS, GLONASS, Galileo və BeiDou sistemlərinin gəmi sürücülüyündə tətbiqi, onların təhlükəsizliyə təsiri, üstünlükləri və məhdudiyyətləri təhlil edilmişdir. Diferensial düzəliş sistemləri, AIS və ECDIS ilə inteqrasiya imkanları araşdırılmış, Beynəlxalq Dənizçilik Təşkilatı tələbləri əsasında PNS-lərin qəza risklərinin azaldılmasındakı rolu qiymətləndirilmişdir. Eyni zamanda, marşrut optimallaşdırılması və yanacaq sərfiyyatının azaldılması kimi iqtisadi və ekoloji üstünlüklər nəzərdən keçirilmişdir. Tədqiqat göstərir ki, PNS-lərin inteqrasiyalı istifadəsi insan faktorundan qaynaqlanan riskləri azaltmaqla təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı, siqnal müdaxiləsi, kibertəhlükəsizlik və texniki nasazlıqlar kimi problemlər aktual olaraq qalır. Məqalədə bu risklərin azaldılması üçün alternativ naviqasiya texnologiyalarının və çoxsensorlu ehtiyat sistemlərinin tətbiqi zərurəti əsaslandırılmışdır.
Аçаr sözlər: peyk naviqasiya sistemləri, gəmi sürücülüyü, dəniz təhlükəsizliyi, GPS, GLONASS, Galileo, BeiDou, diferensial naviqasiya, AIS, ECDIS