Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/251-255

Mələk Məmmədova

Azərbaycan Rəssamlıq Akademiyası

magistrant

https://orcid.org/0009-0008-5046-0204

mmelek02@gmail.com

 

Heykəltəraş Görüş Babayevin yaratdığı “Kitabi-Dədə Qorqud”

abidəsinin bədii-estetik xüsusiyyətləri

 

Xülasə

 

Azərbaycan heykəltəraşları içərisində Əməkdar rəssam Görüş Babayevin özünəməxsus yeri vardır. Heykəltəraş gənc yaşlarından mükəmməl ixtisas təhsili almış, əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Sonra Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasında monumental heykəltəraşlıq üzrə təhsilini davam etdirmişdir. Vətənə döndükdən sonra isə akademik Ömər Eldarovun emalatxanasında biliklərini təkmilləşdirməklə məşğul olmuşdur. Onun yaratdığı əsərlər içərisində Mirzə Şəfi Vazeh, Nizami Gəncəvi, 20 Yanvar şəhidlərinə abidə və b. xüsusi olaraq fərqlənir. Sankt-Peterburqdakı Nizami Gəncəvi heykəlinin müəllifi də Görüş Babayevdir. Uzun müddət Türkiyədə əmək fəaliyyəti ilə məşğul olmuş Görüş Babayevin əsərləri həmin ölkədə də ucaldılmışdır. Türkiyənin Ərzurum şəhərindəki “Arfa çalan qız” abidəsi, ümumilikdə Türkiyəyə həsr olunmuş “Türkiyə yuxuları” silsiləsi onun yaradıcılığının məhsuludur. Görüş Babayevin son illərdə yaratdığı abidələr içərisində “Kitabi-Dədə Qorqud” abidəsinin öz yeri vardır. 2013-cü ildə Bakının görkəmli yerlərindən birini tutan Dədə Qorqud parkında ucaldılan bu abidə indiyədək bu eposa – “Kitabi-Dədə Qorqud” eposuna həsr edilən heykəllərdən və digər sənət əsərlərindən fərqlənir. Azərbaycan incəsənətində Dədə Qorqud eposuna çoxlu əsərlər həsr edilmişdir. Hətta eposun 1300 illik yubileyi təmtəraqlı şəkildə keçirilən zaman müsabiqə də elan edilmişdir. Müsabiqə qalibsiz bitsə də, həmin dövrün qabaqcıl incəsənət xadimlərinin böyük əksəriyyəti öz əsərləri ilə müsabiqədə iştirak etmişlər. Görüş Babayevin yaratdığı abidə həmin müsabiqəyə təqdim olunan əsərlərdən onunla fərqlənir ki, bu abidəyə qədər rəssamlar və heykəltəraşlar əsasən Dədə Qorqud obrazının özünə diqqəti yönəldir, sadəcə bu obrazı yaratmaqla kifayətlənirdilər. Görüş Babayev isə öz əsərini bütövlükdə eposa həsr etməyi qərara alır və belə bir sənət əsəri yarada bilir. Heykəltəraş bu əsəri ilə eposun möhtəşəmliyini verməyi qarşısına məqsəd qoyur. Məqalədə bu abidənin sənətkarlıq xüsusiyyətlərindən bəhs açılır.

Açar sözlər: Görüş Babayev, “Kitabi-Dədə Qorqud”, abidə, dastan, heykəl, heykəltəraş


Baxış: 64