DOI: https://doi.org/10.36719/2789-6919/44/218-225
Rəhimə Rüstəmova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
magistrant
https://orcid.org/0009-0008-8033-4532
rr.rahima99@gmail.com
İnformasiya təhlükəsizliyinin təmin edilməsi üsulları: informasiyanın
kodlaşdırılması və kompüterin yaddaşında təsviri
Xülasə
İnformasiyanın mövcudluq vahidi kimi təzahür etdiyi müasir qlobal cəmiyyətdə təhlükəsiz həyatın təmin edilməsi ekzistensial xarakter kəsb edən aktual məsələyə və hətta problemə çevrilmişdir. Yüksək zəmanətli təhlükəsiz həyatın təşkil edilməsində ən mühüm vəzifələrdən biri də lokal və qlobal miqyasda informasiya təhlükəsizliyini etibarlı şəkildə nəzarətə götürməkdir. Hazırda informasiya məkanının qorunması və informasiya təhlükəsizliyinin təmin edilməsi üçün müasir dünya elminin möhtəşəm nailiyyətləri sayılan innovasiyalardan, informasiya sektoruna nou-haular kimi daxil olmuş qabaqcıl texnologiyalardan və onları idarə edən mütəxəssislərin xidmətindən istifadə olunur. Lakin bütün bunlar informasiya təhlükəsizliyini mütləq şəkildə təmin etmək üçün kifayət deyil. Odur ki, texniki innovasiyalar sahəsində çalışan tədqiqatçı alimlər informasiya təhlükəsizliyinin təmin edilməsilə bağlı mövcud resursların daha da təkmilləşdirilməsi və modernləşdirilməsi, supermüasir rəqəmsal avadanlıqların və elektron qurğuların yaradılması istiqamətində böyük işlər görürlər. Sözügedən sahədə həyata keçirilən tədbirlər sırasında informasiyanın kodlaşdırılması kimi vacib prosesin əhəmiyyətini də qeyd etmək lazımdır. Təqdim olunan məqalədə məhz kompüterlərdə müxtəlif növ informasiyaların kodlaşdırılması mexanizmlərindən, bu prosesin başlıca məqsədlərindən, həmçinin kodlaşdırma standartlarının məzmunundan, iş rejimindən və təyinatından bəhs olunur. Bu sahədə yeni-yeni kəşflərin, ixtiraların və yeniliklərin edilməsi və mövcud sistemlərin durmadan təkmilləşdirilməsi dayanıqlı inkişaf üçün zəruri olan informasiya təhlükəsizliyinin təminatı vasitəsi kimi ön plana çəkilir.
Açar sözlər: informasiya, informasiya təhlükəsizliyi, kodlaşdırma, təhlükəsizlik, təminat, kod, Universal kod, ikili kod, qrafik informasiya