DOI: https://doi.org/10.36719/2706-6185/56/25-29
Günel Əhmədova
Azərbaycan Respublikasının Təhsil İnstitutu
dissertant
https://orcid.org/0009-0008-0663-3737
gunelahmedova@yandex.ru
İntellektual pozulmaları olan uşaqlarda yaddaşın
korreksiyası prosesində diqqətin inkişafı
Xülasə
Məqalədə intellektual pozulmaları olan kiçikyaşlı məktəblilərdə yaddaşın korreksiyası zamanı diqqətin inkişafı araşdırılmışdır. Tədqiqat Bakı şəhərinin xüsusi təhsil müəssisələrində aparılmış, 6 ay davam edən korreksiyaedici məşğələlərə 60 nəfər şagird cəlb olunmuşdur. Məşğələlər kiçik qruplarda (6–7 nəfər) həftədə iki dəfə, 30–40 dəqiqə olmaqla həyata keçirilmişdir. Hər məşğələdə yaddaşın bütün növləri (eşitmə, görmə, məntiqi/mexaniki) stimullaşdırılmış, oyun xarakterli və inteqrativ tapşırıqlardan istifadə olunmuşdur.
Nəticələrin statistik emalı SPSS proqramında aparılmış və təhlil edilmişdir. Yaddaşın bütün növlərində inkişaf müşahidə olunmuş, xüsusilə görmə və mexaniki yaddaşda əhəmiyyətli dəyişikliklər qeydə alınmışdır. Diqqətin səviyyəsi “Bourdon” testinin sadələşdirilmiş variantı ilə ölçülmüşdür. Eksperimental qrupda diqqətin sabitliyi, seçiciliyi və sürətində nəzərəçarpacaq inkişaf müəyyən edilmiş, müşahidə qrupunda isə yalnız cüzi, statistik baxımdan əhəmiyyətsiz dəyişikliklər qeydə alınmışdır.
Əldə olunan nəticələr Lev Vıqotskiy və Aleksandr Luriyanın mədəni-tarixi nəzəriyyəsində irəli sürülən müddəaları praktik olaraq təsdiqləyir. Psixi funksiyaların sistem xarakter daşıması və bir funksiyanın inkişafının digər funksiyaların da inkişafına səbəb olması bu tədqiqatda empirik şəkildə sübut olunmuşdur.
Açar sözlər: intellektual pozulma, korreksiyaedici iş, yaddaş, diqqət, inkişaf