İrəvanın maarifçi qadınları
Nuranə Teymurlu
Xülasə. Məqalədə XIX əsrin sonu-XX əsrin əvvəlləri və sovet dövrünün ilk onilliklərində İrəvan maarif mühitində fəaliyyət göstərmiş qadın ziyalılarımız və pedaqoqların həyat və fəaliyyəti sistemli şəkildə tədqiq olunmuşdur. Qeyd edilmişdir ki, bu dövrdə Azərbaycan qadın hərəkatının regional inkişaf modelinin formalaşmasında özünəməxsus rol oynayan qadın pedaqoqlar həm tədris-pedaqoji, həm ictimai-mədəni, həm də siyasi-dövlət sahələrində fədakar əmək sərf etmişlərdir. Onlar İrəvanda fəaliyyət göstərən qızlar məktəblərində müəllim, müdir və direktor kimi çalışmaqla, eyni zamanda, İrəvan Azərbaycanlı Qadınlar klubunun (1926) yaradılması və inkişafı vasitəsilə qadın təhsilinin və mədəni-maarif hərəkatının formalaşmasına dəyərli töhfə vermişlər. Tədqiqatda bu nəslin pedaqoji yolunun mərhələləri, fəaliyyət sahələrinin çoxsahəliliyi, 1937-1938-ci illərin repressiyalarının və 1948-ci il deportasiyasının onların taleyinə təsiri kimi məsələlər də ardıcıl şəkildə araşdırılır. Məqalənin başlıca nəticəsi bu nəslin ömürlük pedaqoji sədaqət, çoxsahəli ictimai fəaliyyət, milli mədəniyyətə bağlılıq və müasir dünyəvi təhsilə açıqlıq prinsipləri ilə xarakterizə olunması, eyni zamanda, müasir Azərbaycan qadın hərəkatının inkişafı və qadın təhsili siyasətinin formalaşdırılması üçün dəyərli tarixi-pedaqoji istinad bazası rolunu oynamasıdır.
Açar sözlər: İrəvan maarifçiliyi, qadın maarifçilər, Azərbaycanda qadın təhsili, İrəvan Pedaqoji Məktəbi, qadınlar klubu