DOI: https://doi.org/10.36719/2789-6919/52/37-42
Xədicə Yusifova
Bakı Slavyan Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009‐0005‐2676‐5946
xadijayusifova@gmail.com
Müasir rus nəsrində janr transformasiyaları
(V.Astafyevin “Yelçik-belçik” məsəlinin nümunəsi əsasında)
Xülasə
Məqalədə XX-XXI əsrlərin qovşağında rus nəsrində janr transformasiyası problemi araşdırılır. Janr çevrilmələri prosesində yeni modifikasiyaların yaranması baş verir. Janr transformasiyası prosesi yeni bədii formaların və strukturların formalaşması ilə bağlıdır. Belə modifikasiyalar ənənəvi janrların inkişafı kimi çıxış edir; onların əsasında əvvəlki modelin müəyyən elementləri qorunub saxlanılsa da, əsas əlamətlərin yenidən dərk edilməsi və ya itirilməsi hesabına dəyişikliklər baş verir. V.Astafyevin “Yelçik-belçik” məsəlinin materialı əsasında XX əsrin sonu – XXI əsrin əvvəlləri ədəbiyyatında əsərin janr təbiətinin yenilənməsi izlənilir. Tədqiqatda müxtəlif üsullar təhlil olunur – danışıq dilinə birbaşa yönəlmə, personajların xarakterik nitqi ilə dialoq, qeyri-müstəqim və daxili nitq və s. Bu üsullar müəllif nəqlinin subyektivləşməsi olmaqla yanaşı, müəllif-nəqlçinin obrazını daha aydın edir. V.Astafyevin məsəlinin qeyd olunan xüsusiyyətləri ənənəvi janr normalarından və kanonlardan uzaqlaşmanı aydın şəkildə nümayiş etdirir.
Açar sözlər: janrlar, çevrilmələr, nəsr, obrazlar, personajlar