DOI: https://doi.org/10.36719/2789-6919/55/90-99
Şamama Əmirova
Laçın rayon 10 №-li tam orta ümumtəhsil məktəbi
https://orcid.org/0009-0008-6540-2883
amirovashamama@gmail.com
Müəllimlərin peşə stressi: maneə yaradan və motivasiya edən amillər
Xülasə
Müasir dövrdə müəllimlərin peşə fəaliyyəti artan iş yükü, sosial gözləntilər və idarəetmə tələbləri fonunda daha mürəkkəb xarakter almışdır. Bu proses müəllimlərin peşə stressi ilə qarşılaşma ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı, müəllimlik peşəsində onları motivasiya edən, peşəkar inkişaflarına dəstək olan stress mənbələri də mövcuddur. Təqdim olunan məqalədə müəllimlərin peşə fəaliyyəti zamanı yaşadıqları stress amilləri maneə yaradan və motivasiya edən aspektlər üzrə təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi müəllimlərin peşə stressinə səbəb olan faktorları müəyyənləşdirmək və bu stressin onların peşə motivasiyasına təsirini araşdırmaqdır. Araşdırma keyfiyyət tədqiqat metoduna əsaslanaraq ümumtəhsil müəssisələrində çalışan 12 müəllimin iştirakı ilə aparılmışdır. Məlumatlar yarı-strukturlaşdırılmış müsahibələr vasitəsilə toplanmış və məzmun təhlili üsulu ilə təhlil edilmişdir.
Nəticələr göstərir ki, sənədləşmə yükünün çoxluğu, şagird davranışları, valideynlərin haqsız münasibətləri, aşağı maaş və dərsliklərlə bağlı çətinliklər müəllimlər üçün əsas maneə yaradan stress amilləridir. Bununla yanaşı, şagird nailiyyətləri, peşəkar inkişaf imkanları, müsbət məktəb mühiti və sosial dəstək mexanizmləri müəllimlərin motivasiyasını artıran mühüm faktorlar kimi çıxış edir. Həmçinin, müəllimlər motivasiya edən stressin işə həvəsini artırdığını, maneə yaradan stressin isə psixoloji yorğunluq yaratdığını bildiriblər. Məqalədə əldə olunan nəticələr əsasında psixoloji dəstək proqramları, valideynlərlə maarifləndirmə tədbirləri, sənədləşmənin sadələşdirilməsi, dərsliklərin təkmilləşdirilməsi və sosial fəaliyyət imkanlarının artırılması tövsiyə olunmuşdur.
Açar sözlər: peşə stressi, stress mənbələri, müəllimlik, motivasiya edən stress, maneə yaradan stress