DOI: https://doi.org/10.36719/2663-4619/127/5-14
Naxçıvan Dövlət Universiteti
Naxçıvan, Azərbaycan
filologiya elmləri doktoru
sedaqethesenova@ndu.edu.az
Poetik dildə çiçəklərə münasibət
Xülasə
“Poetik dildə çiçəklərə münasibət” adlı məqalə bədii mətnlərdə çiçək adlarının (fitonimlərin) semantik, üslubi və simvolik funksiyalarını araşdırmağa həsr olunmuşdur. Tədqiqatın əsas məqsədi poetik diskursda çiçəklərin yalnız ad bildirən söz kimi deyil, həm də estetik-emosional yük daşıyan obraz və simvol kimi çıxış etməsini müəyyənləşdirməkdir. Məqalədə göstərilir ki, poetik dildə çiçək adları məcazlaşma, simvollaşma və şəxsləndirmə yolu ilə yeni semantik çalarlar qazanır. Çiçəklərin xalqın mədəni yaddaşında formalaşmış əlaqəli mənalarla yüklənməsi və bu mənaların poeziyada fərdi müəllif üslubu ilə yenidən işlənərək poetik obraz sisteminin tərkib hissəsinə çevrilməsi əsaslandırılır. Araşdırmada çiçəklərin bir neçə əsas funksiyası müəyyənləşdirilir.
Həm klassik, həm də müasir poeziyada müxtəlif kontekstlərdə işlədilən çiçək adlarının məhəbbətin, hörmət və gözəlliyin, təvazökarlığın, ayrılıq və həsrətin rəmzi kimi işlənməsində simvolik, poetik mətndə obrazlılıq yaradaraq təsvirin rəngarəngliyini və ifadə gücünü artırmaqda emosional-ekspressiv, insan xarakteri, və ya həyat mərhələlərinin müqayisə olunmasında metaforik funksiyaya malik olması göstərilmişdir.
Məqalədə Azərbaycan klassik və müasir poeziyasından nümunələr əsasında təsdiq edilir ki, çiçək obrazı milli-mədəni kodun daşıyıcısıdır. Xüsusilə klassik Şərq poeziyasında qızılgül-bülbül motivi sevgi fəlsəfəsinin əsas ifadə vasitələrindən biri kimi təqdim olunur. Müasir poeziyada isə çiçəklər daha çox fərdi duyğuların və sosial-mənəvi problemlərin simvoluna çevrilir.
Tədqiqatın nəticəsində belə qənaətə gəlinir ki, poetik dildə çiçəklərə münasibət yalnız təbiət təsviri ilə məhdudlaşmır, bu münasibət insanın daxili dünyasının, estetik baxışlarının və milli-mədəni dəyərlərinin ifadə formasıdır. Çiçək adlarının semantik cəhətdən dəyişməsi dilin obrazlılıq imkanlarını genişləndirir və poetik mətnin ekspressivliyini artırır. Beləliklə, məqalə poetik dildə fitonimlərin funksional-semantik xüsusiyyətlərini təhlil edərək onların bədii-estetik dəyərini və dilin leksik-semantik sistemində tutduğu mövqeyi müəyyənləşdirir.
Açar sözlər: dil, çiçəklər, üslub, estetiklik, rəmz