DOI: https://doi.org/10.36719/2789-6919/50/64-68
Şəhla İbrahimova
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0000-8953-1438
shahla.aqill@gmail.com
Psixodinamik yanaşmada şəxsiyyətin öyrənilməsi
(mahiyyəti və strukturu)
Xülasə
Psixodinamik yanaşmada şəxsiyyətin mahiyyəti insanın daxili psixoloji proseslərinin, xüsusən də şüuraltı motivlərin, istəklərin və konfliktlərin qarşılıqlı təsiri ilə izah olunur. Bu yanaşmaya görə şəxsiyyət, keçmiş yaşantılar, uşaqlıq dövründə formalaşan təcrübələr və onların şüuraltında yaratdığı izlər əsasında inkişaf edir. Freudun nəzəriyyəsində şəxsiyyətin strukturu İd, Ego və Superego elementləri ilə izah olunur. İd instinktiv ehtiyac və impulsları, Ego reallıq prinsipi əsasında bu impulsları idarə edən rasional tərəfi, Superego isə sosial norma və mənəvi dəyərləri təmsil edir. Bu üç strukturun qarşılıqlı mübarizəsi insan davranışlarını və daxili psixoloji gərginlikləri formalaşdırır. Psixodinamik yanaşma, həmçinin, müdafiə mexanizmlərinin şəxsiyyətin sabitliyinin qorunmasında rolunu vurğulayır. Beləliklə, bu nəzəriyyə şəxsiyyətin mahiyyətini şüur və şüuraltı proseslərin dinamik qarşılıqlı əlaqəsi əsasında izah edir və fərdin daxili psixoloji həyatının dərinliklərinə diqqət yetirir.
Açar sözlər: psixodinamik yanaşma, şəxsiyyət strukturu, şüuraltı, müdafiə mexanizmləri, daxili konflikt, psixoloji inkişaf